Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin əsasını qoymaqla yanaşı, böyük mütəfəkkir, alim, bəstəkar, ictimai xadim və müəllim kimi mədəniyyətimizin inkişafında mühüm rol oynayıb. Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyəti və zəngin yaradıcılıq irsi Azərbaycan tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, ədibin nəvəsi Ülkər Talıbzadə Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Üzeyir Hacıbəylinin irsi çox genişdir. Azərbaycan musiqişünaslığında onun yaradıcılığı uzun illərdir tədqiq olunur. Ancaq bu zəngin irs hələ tam araşdırılmayıb. Çünki bu elə bir sərvət, elə bir xəzinədir ki, onun sirlərinin açılması uzun illər tələb edəcək. İnanıram ki, musiqişünaslarımız gələcəkdə də Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edəcək, onun irsini müxtəlif istiqamətlərdən araşdıracaqlar. Azərbaycan musiqişünaslığında Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqinə ötən əsrin əvvəllərindən başlanılıb. Xurşid Ağayeva, Qubad Qasımov, Elmira Abbasova, Xanlar Məlikov və digər tədqiqatçıların əsərlərində bəstəkarın yaradıcılığının müxtəlif istiqamətləri araşdırılıb”, - deyə o qeyd edib.
Ülkər Talıbzadə müasir Azərbaycan musiqişünaslığında da Üzeyir Hacıbəyli irsinin tədqiqinin davam etdirildiyini bildirib. O, görkəmli musiqişünas-alim Zümrüd Səfərovanın 40 ildən artıqdır ki, bəstəkarın yaradıcılığını araşdırdığını diqqətə çatdırıb: “Zümrüd xanım deyir ki, 40 ildən çoxdur Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edir, lakin bu sevgisi tükənmir. Hər dəfə onun yaradıcılığına müraciət etdikdə yeni izlər, yeni məqamlar və yeni tədqiqat mövzuları tapır. Bu, Üzeyir Hacıbəyli irsinin nə qədər zəngin və tükənməz olduğunu göstərir”.
O, Üzeyir Hacıbəylinin doğum gününün bəstəkarın doğulduğu evdə qeyd olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.