Naxçıvanda 17 qadın sahibkarın layihəsinə 700 min manata yaxın güzəştli kredit ayrılıb
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadın sahibkarların layihələrinin maliyyələşdirilməsi davamlı olaraq həyata keçirilir. Hazırda fondun aktiv portfelində qadın sahibkarların 40 maliyyələşdirilmiş layihəsi yer alır. Bu layihələr üzrə ayrılmış maliyyələşmənin ümumi həcmi 1,4 milyon manatdan çox təşkil edir. Maliyyələşdirilən layihələrin 88 faizə yaxını muxtar respublikanın rayonlarının payına düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2026-cı ilin 8 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz artaraq 149-a çatıb. Bu müsbət dinamika qadın sahibkarların layihələrində də özünü göstərir. Belə ki, cari ilin 8 ayı ərzində 17 qadın sahibkarın layihəsinə ümumilikdə 700 min manata yaxın güzəştli kredit ayrılıb. Bu dövrdə fondun biznesə yönəltdiyi güzəştli kredit resurslarının 13,0 faizi qadın sahibkarların payına düşüb.
"Hesab edirik ki, bu rəqəm qənaətedici deyil. Ona görə də fürsətdən istifadə edərək qadın sahibkarları daha fəal olmağa, yeni layihələr təqdim etməyə dəvət edirik", - deyə Kazım Hüseynəliyev əlavə edib.
Müxbir- Nail Əsgərov