Ermənistanda mövcud reallıqları qəbul etmək istəməyən qüvvələr hələ də var - ŞƏRH
Bakı, 18 sentyabr, AZƏRTAC
Ermənistanda siyasətçilərin, ictimai fəalların və medianın son hadisələrlə bağlı münasibəti bir daha göstərir ki, bu ölkədə regionun reallıqlarını, beynəlxalq hüququ və regionun gerçək tarixini nəzərə almaq əvəzinə, hələ də xülyalarla yaşayan qüvvələr var. Bu yanaşma Ermənistan cəmiyyətində formalaşdırılmış yanlış tarix və kimlik şüurundan qaynaqlanır, eyni zamanda, xaricdən dəstəklənən müəyyən siyasi təsirlərlə daha da dərinləşir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin bir hissəsinə uzun illər ərzində yanlış tarix və yanlış kimlik anlayışları aşılanıb. Bu səbəbdən həmin insanlar regionda baş verən prosesləri obyektiv qiymətləndirə, beynəlxalq hüquqa və real siyasi vəziyyətə əsaslanan münasibət formalaşdıra bilmirlər. Onlar nə regionun reallıqlarını, nə beynəlxalq hüququn əsas prinsiplərini, nə də regionun gələcəyi ilə bağlı mövcud imkanları nəzərə alırlar.
Araz Aslanlı qeyd edib ki, Azərbaycan dövləti regionun gələcəyi ilə bağlı konkret planlar ortaya qoyub və bu planların reallaşması Ermənistan üçün də müsbət nəticələr verə bilər: “Azərbaycan regionda sülhün, əməkdaşlığın, nəqliyyat və enerji layihələrinin inkişafında maraqlıdır. Lakin Ermənistanda yanlış tarix və kimlik təsəvvürlərindən qidalanan siyasi və ictimai qüvvələr bu reallıqları qəbul etməkdə çətinlik çəkirlər. Məsələ yalnız Ermənistan cəmiyyətindəki yanlış təsəvvürlərlə məhdudlaşmır. Təəssüf ki, müəyyən dövlətlər və qüvvələr Ermənistanı normal dövlət kimi deyil, öz maraqları üçün istifadə edə biləcəkləri bir alət kimi görüb və bu yanaşma müxtəlif formalarda bu gün də özünü göstərir.

Bu qüvvələr Azərbaycanın və bütövlükdə regionun gələcəyi ilə bağlı ortaya qoyduğu planların reallaşmaması üçün fəaliyyətlərini davam etdirirlər. Onlar Ermənistan cəmiyyətini və Ermənistan siyasətçilərini başqa istiqamətə yönəltməyə, regionda sülh və əməkdaşlıq imkanlarının qarşısını almağa çalışırlar”.
Politoloq Azərbaycanın regionla bağlı siyasətinin mahiyyətindən danışarkən qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçılığına son qoyub. Hələ işğal dövründə belə Azərbaycan müxtəlif infrastruktur və enerji layihələri həyata keçirib. Eyni zamanda, Ermənistanın beynəlxalq hüququn əsas prinsiplərinə hörmət etdiyi təqdirdə regionda daha dayanıqlı sülhün, Azərbaycanla Ermənistan arasında əməkdaşlığın, o cümlədən nəqliyyat və enerji layihələrinin mümkün olduğunu dəfələrlə bəyan edib.
“Azərbaycan regionun gələcəyini sülh regionu kimi görür. Buna görə də beynəlxalq nəqliyyat layihələrinin reallaşdırılmasını təklif edir. Dünyada müxtəlif dövlətlər arasında müharibələr olub. Lakin müharibələrdən sonra tərəflər ortaq gələcək qurmaq istəyirlərsə, onları birləşdirən layihələr həyata keçirirlər. Bununla da bildirirlər ki, artıq gələcəkdə düşmən deyil, dost olmaq istəyirlər”, – deyə Araz Aslanlı diqqətə çatdırıb.