“Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” - elmi konfrans
Bakı, 18 sentyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və bu elmi müəssisənin Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin təşkilatçılığı ilə “Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans “Əsrin müqaviləsi”nin və “Yeni əsrin müqaviləsi”nin ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Akademik 1994-cü ildən etibarən Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması üçün strateji əsasların yaradıldığını və bunun sonrakı illərdə mühüm nəticələr verdiyini bildirib.
AMEA prezidenti qeyd edib ki, bu gün Azərbaycanın enerji siyasətində ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. O, Qarabağda yaşıl iqtisadiyyatın tətbiqi və yaşıl enerji zonasının yaradılması istiqamətində görülən işlərə də toxunub. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri, yeni yaşayış məntəqələrinin salınması və müasir infrastrukturun yaradılması həmin ərazilərin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edir.
Akademiya rəhbəri Azərbaycanın Türkiyə və Gürcüstanla enerji əməkdaşlığının regional əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı, eləcə də Gürcüstanla həyata keçirilən layihələr regionda enerji əlaqələrinin inkişafına mühüm töhfə verir.
O, konfrans çərçivəsində akademiya alimlərinin enerji siyasətinə dair tədqiqatlarının təqdim olunduğu sərginin təşkil edildiyini də diqqətə çatdırıb.
Sonra Azərbaycanın regional enerji siyasətini və enerji layihələrinin inkişafı istiqamətində görülən tədbirləri əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra tədbir işini plenar iclasla davam etdirib. AMEA Rəyasət Heyətinin akademik katibi, “AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru akademik Arif Həşimov “Böyük gücə və tutuma malik elektrik enerjisi saxlama sistemlərinin tətbiqi dövründə dövlətlərarası elektrik enerjisi mübadiləsinin fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib.
İclasda, həmçinin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə “Qələbədən sonrakı Cənubi Qafqazın geosiyasi mənzərəsi və reallıqları”, Milli Məclisinin deputatı, professor Elman Nəsirov “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən yaşıl enerjiyə keçid”, Marmara Universitetinin Siyasi elmlər fakültəsi, Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Meral Balcı “Azərbaycanda enerji dönüşümü: tranzit və mərkəz ölkə olma siyasətləri”, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin nəzəri və praktik aspektləri” mövzularında məruzələrlə çıxış ediblər.
Eyni zamanda, Sumqayıt Dövlət Universitetinin prorektoru dosent Elmar Xəlilovun “Tarixi-siyasi proseslər kontekstində Azərbaycanın Cənubi Qafqazın enerji təhlükəsizliyində rolu”, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətlinin “İsrail-İran, ABŞ-İran qarşıdurmalarının Cənubi Qafqazda yaratdığı çağırışlar və Azərbaycanın mövqeyi”, o cümlədən Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri professor Rəna Mirzəzadənin “Azərbaycanın postmüharibə dövrü hərbi təhlükəsizlik və geostrateji xəttinə siyasi-fəlsəfi baxış (H. Kissincer nəzəri aspektində)” mövzularında məruzələri dinlənilib.
Tədbirdə Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Revaz Kavtaradze, Qazi Universitetinin professoru Cengiz Taplamacıoğlu “Türkiyə-Azərbaycan enerji əməkdaşlığı: gələcək imkanlar və perspektivlər”, Çin, CPEC, BRI, dünya siyasəti və Cənubi Qafqaz üzrə regional ekspert Mehmood Ul Hassan Khan onlayn çıxış ediblər.