Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Bildiyimiz kimi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və digər tədbirlər çərçivəsində onun yaradıcılığı, musiqi irsi və milli musiqimizə verdiyi misilsiz töhfələr daim təbliğ edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov deyib.
O bildirib ki, kollektiv öz ifaları və müasir musiqi yanaşmaları ilə Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini yaşatmağa, dahi bəstəkarın formalaşdırdığı musiqi ənənələrinə sadiq qalmağa çalışır: “Bu gün də hər il olduğu kimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında təntənəli tədbir keçirildi və biz Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri olaraq həmin tədbirdə iştirak etdik. Gün ərzində Milli Musiqi Gününə həsr olunmuş digər tədbirlərdə də çıxışlarımız nəzərdə tutulub”, – deyə M.Aşurov qeyd edib.
Mustafa Aşurovun sözlərinə görə, pedaqoji fəaliyyətlərində də Üzeyir Hacıbəylinin və onun davamçıları olan görkəmli Azərbaycan bəstəkarlarının əsərlərinin tədrisinə xüsusi önəm verilir. Məqsəd gənc nəslin professional klassik musiqi ənənələri əsasında formalaşmasına töhfə verməkdir.
Direktor-baş dirijor bildirib ki, sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və xor qrupunun iştirakı, eləcə də tanınmış solistlərin ifasında konsert proqramı təqdim olunacaq. O qeyd edib ki, Milli Musiqi Gününə həsr olunan “18 əsərin sehri” adlı proqram 18 musiqi nömrəsindən ibarətdir.