Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Butik Şərabçılıq qrupunun ilk görüşü keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq səviyyədə tanınmış şərab və qastronomiya eksperti, “Merano Wine Fest”in təsisçisi və prezidenti Helmes Koxer, İtaliya-Azərbaycan cəmiyyətinin sədri, “Merano Wine Fest”in Azərbaycan üzrə nümayəndəsi Rəşad Qurbanov və qrupun üzvləri iştirak ediblər.
Görüşdə qrupun fəaliyyət istiqamətləri və şərab istehsalının təşviqi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.
Butik Şərabçılıq Qrupunun katibi Sona Abdullayeva layihənin məqsədi, əsas fəaliyyət istiqamətləri, icra planı, gözlənilən nəticələr və şərabçılıq sektorunun inkişafı üzrə prioritetlər barədə təqdimatla çıxış edib.
Helmes Koxer beynəlxalq təcrübələrə əsaslanaraq yüksəkkeyfiyyətli şərabların istehsalı və tanıdılmasından, ixracyönümlü şərabçılığın inkişafından və beynəlxalq bazarlara çıxış imkanlarından söz açıb.
Sonda qrupun fəaliyyətinin təşkili, qarşıdakı prioritetlər və həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib.