Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr edilmiş təntənəli konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi və Şəhriyar adına Mədəniyyət Mərkəzinin “Bənövşə” uşaq xorunun təqdimatı ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru bəstəkar, Xalq artisti Sərdar Fərəcov Milli Musiqi Gününün əhəmiyyətindən, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən söz açıb.
Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə və musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxış edərək Milli Musiqi Gününün tarixindən, Üzeyir Hacıbəylinin zəngin irsinin öyrənilməsi və qorunub saxlanılmasının vacibliyindən bəhs ediblər.
Konsert proqramında zəngin və rəngarəng musiqi nömrələri təqdim olunub. Tədbirdə Gülnaz Rzayevanın termonvoksda ifasında “Çırpınırdı Qara dəniz”, Yaqubov Mirnicatın balabanda ifasında Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, Leyla Qürbətlinin vokalında Niyazinin “Arzu” romansı səsləndirilib. Proqram çərçivəsində Həqiqət Starşinina Leyla Səmədzadənin müşayiəti ilə Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kompozisiyanı, həmçinin ansamblın təqdimatında dahi bəstəkarın başqa bir kompozisiyasını ifa edib. Əhmədzadə Məryəmin fortepianoda ifasında Ü.Hacıbəylinin “Cəngi” əsəri böyük coşqu ilə qarşılanıb.
Konsert proqramı Şəhriyar adına Mədəniyyət Mərkəzinin “Bənövşə” uşaq xorunun ifasında Üzeyir Hacıbəylinin “Ey, səba yeli” əsərinin təqdimatı ilə yekunlaşıb.
Müxbir - Nərmin Muradzadə