Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdən öncə nazir Azərbaycan İdman Akademiyasında fəaliyyətə başlamış “AzerFit” layihəsinin icrası ilə maraqlanıb. Bildirilib ki, layihə çərçivəsində son 6 ay ərzində akademiyada işçi və səyyar qruplar yaradılıb, müvafiq təlimlər keçirilib, xüsusi ayrılmış otaq zəruri avadanlıqlarla təchiz edilib. Layihənin pilot mərhələsində Uşaq-Gənclər İdman Məktəblərindən 9-15 yaşlı 488 şagird seçilib. İştirakçılar “AzerFit” çərçivəsində hesablanan göstərici və 10 fiziki test üzrə qiymətləndirilib. Testlər uşaqların əsas fiziki qabiliyyətlərinin, o cümlədən güc, dözümlülük, elastiklik, çeviklik və koordinasiya göstəricilərinin müəyyənləşdirilməsinə imkan verir. Nazir layihənin daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə nazir gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra gündəliyə əsasən, legionerlərlə bağlı məsələlər, “AzerFit” layihəsinin icrası, "Safeguarding", UGİM-lərin yeni fəaliyyət modeli və "İdman veteranları" ictimai birliyinin fəaliyyəti müzakirə olunub. Həmçinin Mərkəzləşdirilmiş Reyestr Sistemi, federasiyaların beynəlxalq qurumlarla əlaqələri, idman yarışlarının canlı yayımı, “Yarışların keçirilmə qaydaları”nın hazırlanması və təsdiqi prosesinin rəqəmsallaşdırılması, "İdman səfirləri" və “SportExpo” barədə təqdimatlar edilib.
Tədbirdə, həmçinin federasiyaların sosial media hesabatları dinlənilib, gündəlikdə yer alan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.