Türk dövlətləri arasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanı dərinləşdirəcək- RƏY
Bakı, 18 sentyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının əhatə etdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından xüsusi strateji əhəmiyyət daşıyır. Bu gün enerji təhlükəsizliyi və etibarlı nəqliyyat bağlantıları yalnız iqtisadi inkişaf məsələsi deyil, eyni zamanda, ümumi təhlükəsizliyin və regional dayanıqlılığın əsas elementlərindən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə deyib. O bildirib ki, bu baxımdan Türk Dövlətləri Təşkilatı ölkələri arasında əməkdaşlığın əhəmiyyəti getdikcə artmaqdadır. Azərbaycan isə burada xüsusi mövqeyə malikdir. Ölkəmiz Avropa ilə Asiyanın qovşağında yerləşməklə yanaşı, Mərkəzi Asiya dövlətlərinin Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır. Azərbaycanın mövcud nəqliyyat və enerji infrastrukturu Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında əlaqələrin gücləndirilməsinə imkan verməkdədir.
“Hesab edirəm ki, enerji və nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanı dərinləşdirəcək, qarşılıqlı ticarətin geni artacaq və üzv dövlətlərin qlobal iqtisadi sistemdə strateji əhəmiyyətini daha da artıracaq. Xüsusilə qeyd etmək lazımdır ki, dünya təsərrüfat sistemində, o cümlədən geosiyasi konyunktur çərçivəsində ənənəvi nəqliyyat enerji dəhlizlərinin öz aktuallığını itirdiyi bir dövrdə türk dövlətləri arasında formalaşmaqda olan enerji və nəqliyyat dəhlizləri bir sıra ənənəvi dəhlizlər üçün də önəmli alternativ rolunu oynaya bilər ki, bu da məhz sözügedən təşkilatın ölkələri arasındakı enerji nəqliyyat dəhlizlərinin, bütövlükdə beynəlxalq bir haba çevirə bilər. Zənnimcə, bu istiqamətdə bütün türk dövlətləri, təşkilatlara üzv olan ölkələr, o cümlədən Azərbaycan çox yüksək iqtisadi dividendlər əldə edə bilər”,- deyə o qeyd edib.