Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Hər il görkəmli bəstəkar, publisist və pedaqoq Üzeyir Hacıbəylinin anadan olduğu gün - 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında konsert keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, musiqi bayramında hökumət və ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.
Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri və xor kollektivi, eləcə də muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları çıxış ediblər.
Musiqi axşamı Xalq Çalğı Alətləri Orkestrinin təqdimatında dahi bəstəkarın “Üvertura”sı ilə başlayıb. Ardınca “Sənsiz” romansı, “Leyli və Məcnun” operasından “Müqəddimə” və “Şəbi-hicran xoru” əsərləri təqdim olunub. Eyni zamanda, konsertdə görkəmli bəstəkarlar Rauf Məmmədov, Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mirişli, Cahangir Cahangirov və Bəhram Nəsibovun əsərləri səsləndirilib.
Əsərlər Əməkdar artistlər Gülyanaq Fərzəliyeva və Elçin Nağıyevin, Prezident mükafatçıları İlkin Abdullayev və Nərmin Hüseynovanın, solistlər Emin Hüseynov və Əfsanə Babayevanın, həmçinin Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları Rəsmiyyə Xəlilova, Küşvər Əliyeva və Nemət Qubadlının təqdimatında səslənib.
Qeyd edək ki, Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbər-dirijoru Prezident mükafatçısı Hakim Məmmədov, Kamera Orkestrinin bədii rəhbər-dirijoru Prezident mükafatçısı Cahangir Qurbanov, xormeyster isə Prezident mükafatçısı İlhamə Şirəliyevavadır.
Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru ilə başa çatıb.
Müxbir - Nail Əsgərov