Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Ermənistan siyasətçilərinin, ictimai fəallarının və mediasının Qarabağa səfər edən diplomatik korpusa qarşı hücumları, əslində, Ermənistan tərəfinin gerçək simasını bir daha ortaya qoydu. Hər kəsə bir daha aydın oldu ki, qarşımızda torpaqlarımızı 30 il işğal altında saxlayan, bu torpaqları vəhşicəsinə tar-mar edən, milli və dini dəyərlərimizi təhqir edən, insanlarımızı amansızlıqla qətlə yetirən, sağ qalanları yurdundan didərgin salan düşmən dayanır. O düşmən zərrə qədər dəyişməyib, 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb. Əllərinə düşən ilk fürsətdə yenə də öz faşist xislətləri ilə qanımıza susayacaqlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.
O bildirib ki, Prezident İlham Əliyev humanistlik göstərərək sülh təşəbbüsü ilə çıxış etsə və bunun üçün ilkin əməli addımlar atsa da, qarşı tərəf bunu layiqincə dəyərləndirə bilmədi və görünür, dəyərləndirmək fikrində və ya iqtidarında da deyil. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanla Azərbaycan arasındakı dayanıqlı sülhün yeganə şərti Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba yurdlarına qayıdışıdır. Bu qayıdışın reallaşmaması Ermənistanın sülh məsələsində qeyri-səmimi olması deməkdir, Ermənistanın bölgəni yeni müharibəyə sürükləmək niyyətindən xəbər verir.