Razi İbrahimov: Xocalı istiqamətində döyüşlər zamanı keçirdiyim hissləri heç vaxt unutmayacağam
Bakı, 19 sentyabr, AZƏRTAC
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnib. Həmin döyüşlərdə iştirak edən hərbçilərdən biri də Razi İbrahimov olub.
Mayor Razi İbrahimov AZƏRTAC-a açıqlamasında antiterror tədbirləri zamanı Xocalı istiqamətində gedən döyüşlər, həmin günlərdə yaşadığı hisslər və yaddaşında qalan məqamlarla bağlı xatirələrini bölüşüb.
O bildirib ki, antiterror əməliyyatı onun hərbi xidmətində ən yaddaqalan və məsuliyyətli günlərdən biri olub. Xocalı istiqamətində gedən döyüşlər zamanı hər bir hərbçi üzərinə düşən tapşırığı yerinə yetirmək üçün böyük əzmkarlıq göstərib.
“Xocalı istiqamətində döyüşərkən gözlərimin önünə Xocalıda qətlə yetirilən körpələr, hamilə qadınlar, yaşlı insanlar gəlirdi. Həmin faciənin görüntüləri yaddaşımızdan heç vaxt silinməyib. Hər dəfə Xocalıda yaşananları xatırladıqca içimdə Vətən qarşısında məsuliyyət hissi daha da güclənirdi. Bu hiss mənə döyüşdə daha böyük güc verirdi. Düşünürdüm ki, biz təkcə torpaq uğrunda deyil, həm də Xocalıda həyatını itirən günahsız insanların xatirəsi və tarixi ədalətin bərpası üçün mübarizə aparırıq”, – deyə Razi İbrahimov bildirib.
Onun sözlərinə görə, Xocalı istiqamətində döyüşməyin özü xüsusi mənəvi məsuliyyət yaradırdı. Çünki bu ərazi Azərbaycan xalqının yaddaşında ağır faciə ilə bağlı olan müqəddəs məkanlardan biridir.
Razi İbrahimov qeyd edib ki, antiterror əməliyyatı zamanı hərbçilərin əsas məqsədi qarşıya qoyulan döyüş tapşırıqlarını layiqincə yerinə yetirmək və Azərbaycanın dövlət suverenliyinin tam bərpasına töhfə vermək olub: “Döyüş zamanı hər kəs bir-birinə dayaq olurdu. Yanındakı silahdaşının təhlükəsizliyi də sənin üçün ən az öz təhlükəsizliyin qədər önəmli idi. Həmin anlarda insan Vətənin, xalqın və torpağın nə demək olduğunu daha dərindən anlayır”.
O bildirib ki, antiterror əməliyyatının uğurla başa çatması və Azərbaycanın dövlət bayrağının Qarabağın bütün ərazilərində dalğalanması uzun illər gözlənilən tarixi an idi. Hazırda Qarabağda aparılan bərpa və quruculuq işləri, insanların öz doğma yurdlarına qayıtması həmin Qələbənin davamıdır: “Bu gün həmin ərazilərə baxanda döyüş günləri, itirdiyimiz şəhidlər və keçdiyimiz ağır yollar gözlərimin önünə gəlir. Bizim borcumuz bu tarixi unutmamaq, şəhidlərimizin xatirəsini daim yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır”.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib və ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpası təmin olunub.
Müxbir Tünzalə Arazlı