Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçiliyi və milli kimliyi üçün mühüm tarixi gündür
Gəncə, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən fakültə dekanı Təvəkkül İslamov qeyd edib ki, Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçiliyi və milli kimliyi üçün mühüm tarixi gündür. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində müstəqilliyimiz qorunaraq möhkəmləndirildi, dövlətçiliyimizin sarsılmaz təməlləri qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan öz suveren hüquqlarını tam şəkildə təmin etmiş, ərazi bütövlüyünü bərpa etmiş, regionun aparıcı dövlətinə çevrilib.
İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov çıxışında vurğulayıb ki, 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatlarında Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyəti sayəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam şəkildə təmin etmişdir.
Universitetin Ağsaqqallar Şurasının sədri, dosent Siyasət Məmmədov, İctimai fənlər kafedrasının dosentləri Sevda Abdullayeva, Zümrüd Qəhrəmanova, Çinarə Səfərova və Kitabxana və İnformasiya mərkəzinin direktoru Kamil Məmişov çıxışlarında qeyd ediblər ki, 20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız hüquqi sənədin qəbul edilməsi faktı deyil, həm də xalqımızın müstəqillik iradəsinin, milli özünüdərk prosesinin, dövlət quruculuğu əzminin təntənəsi idi. Dövlət Suverenliyi Gününün xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm platforma olduğu diqqətə çatdırılıb.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Müxbir - Elcan Məmmədov