Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycanın həyata keçirdiyi siyasət türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşməsinə töhfə verir. Bu gün əməkdaşlıq mədəni-humanitar sahədən kənara çıxaraq təhlükəsizlik, iqtisadiyyat və kommunikasiya məsələlərini əhatə edən strateji xarakter alır.
Bunu AZƏRTAC-a şərhində politoloq Zaur Məmmədov deyib.
Onun fikrincə, 44 günlük müharibədən və antiterror tədbirlərindən sonra Azərbaycan regionda yeni reallıq formalaşdırıb. Bunun nəticələri yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada və Avrasiyanın mərkəzi hissəsində də hiss olunur.
“Bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatının hər bir üzvü ilə strateji müttəfiqliyi mövcuddur. Azərbaycan həm Şərqlə, həm də Qərblə mühüm iqtisadi və siyasi-kommunikasiya layihələri həyata keçirir”, - deyə o qeyd edib.
Politoloq vurğulayıb ki, dövlət başçıları və hökumətlər arasında sıx münasibətlər müntəzəm qarşılıqlı səfərlərdə və ikitərəfli əməkdaşlığın intensivləşməsində öz əksini tapır: “Azərbaycan bu gün orta güc olduğunu sübut edir. Əsas məqsədlərdən biri əvvəllər əsasən mədəniyyət və humanitar sahəni əhatə edən əməkdaşlığı təhlükəsizlik, iqtisadiyyat və kommunikasiya sahələrində strateji ittifaqa çevirməkdir”.
Z.Məmmədov əlavə edib ki, türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi Türk dünyasında daha sıx birliyin formalaşmasına gətirib çıxara bilər.
“Türk dünyasında həqiqətən də bugünkü Avropa İttifaqına bənzər böyük bir gücü görəcəyimiz gün gələcək. Bu, müasir beynəlxalq münasibətlər sistemində regional qrupların və təşkilatların əsas meyarlardan birinə çevriləcəyini göstərir”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu proseslər təhlükəsizlik məsələlərinə yanaşmaları da dəyişir. Milli təhlükəsizliklə yanaşı, dövlətlərin kollektiv təhlükəsizliyi getdikcə daha böyük əhəmiyyət kəsb edir.