Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb
Ankara, 19 sentyabr, AZƏRTAC
Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirlər proqramının ilk mərhələsi Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun ziyarət etdiyi dörd sərgidən ibarət olub.
Nazir Ankaranın “2026-cı il Türk dünyasının turizm paytaxtı” seçildiyini xatırladaraq, sentyabrın 19-dan 27-dək davam edəcək tədbirlər proqramında türk xalqlarının tarixi və mədəni ümumiliyinə xüsusi diqqət yetirildiyini bildirib. “Bu sərgilər “Türkiyənin Mədəniyyət Yolu” festivalının təşkilatçılarının çatdırmağa çalışdığı mədəni atmosferi hərtərəfli əks etdirir”, - deyə nazir qeyd edib.
Ankara “Türkiyənin Mədəniyyət Yolu” festivalının keçirildiyi 19-cu şəhər olub. On gün ərzində paytaxtın 42 məkanında 518 mədəni tədbir, o cümlədən 27 konsert təşkil olunacaq.
Bu gün “CSO Ankara” konsert salonunda Şərqdə ilk operanın yaradıcısı, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin şərəfinə keçiriləcək konsert xüsusi maraq doğurur.