“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır
Ankara, 19 sentyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyin əsasını təşkil edən “Bir millət, iki dövlət” kəlamı regionda sabitliyin qalxanına çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana ikigünlük səfərinin yekunlarını şərh edən türkiyəli ekspert Bülent Erendaç “Yeni Asır” qəzetində dərc olunan məqaləsində bildirib.
O, Bakıda Türkiyənin xarici siyasət idarəsinin rəhbərini qəbul edən Prezident İlham Əliyevin müzakirə etdiyi məsələlərin geniş gündəminə diqqət çəkib.
“Türkiyə və Azərbaycan arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycanla Ermənistan arasında sülh prosesi, Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə addımlar müzakirə edilib. Müzakirələrin ayrıca mövzusu enerji sahəsində əməkdaşlıq olub. Asiya ilə Avropa arasında körpülərin qurulması kontekstində Türkiyə və Azərbaycanın həlledici rolu vurğulanıb. İki qardaş ölkə arasında illik ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması məqsədinə nail olmaq istiqamətində atılacaq addımlara diqqət yetirilib”, - deyə ekspert qeyd edib.
Məqalənin müəllifi beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin inkişafından Türkiyə və Azərbaycanın əldə edəcəyi faydalara da diqqət çəkib: “Türkiyədə iki mühüm marşrutun - Zəngəzur dəhlizinin bir hissəsi olduğu Orta Dəhlizlə İraqın cənubundan başlayan “İnkişaf Yolu”nun kəsişməsi Anadolunu faktiki olaraq Süveyş kanalına və digər istiqamətlərə alternativə çevriləcək güclü logistika mərkəzi edəcək. Bütün bunlar Qars, İğdır, Şırnak və Qaziantep kimi Türkiyə vilayətlərinin iqtisadi inkişafına da güclü təkan verəcək”.
B.Erendaç Türkiyə hakimiyyətinin Zəngəzur dəhlizinin istismara verilməsi ilə bağlı proqnozlarına da diqqət çəkib. “Bu, regional tranzit marşrutu çərçivəsini çoxdan aşaraq qlobal strategiyaya çevrilib”, - deyə ABŞ-nin bu təşəbbüsü dəstəklədiyini xatırladan ekspert yazıb.