Qadınlar Super Liqasında yeni mövsümün reqlamenti açıqlanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Əsas məqsədimiz qadın futbolunu inkişaf etdirmək və milli komandalara geniş oyunçu seçimi təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu AFFA-nın Qadın Futbolu Departamentinin texniki direktoru Əmrah Aykurt Qadınlar Super Liqasının yeni mövsümünün reqlamenti və formatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2026/2027-ci illər mövsümündə çempionat 12 komandanın iştirakı ilə iki mərhələdə keçiriləcək: “Birinci mərhələdə komandalar bir dörvrəlik sistem üzrə 11 oyun keçirəcəklər. Bu mərhələnin yekunlarına əsasən, ilk 6 yeri tutan kollektivlər A qrupunda, 7-12-ci yerlərdə qərarlaşan komandalar isə B qrupunda mübarizəni davam etdirəcəklər”.
Mövsüm ərzində ümumilikdə 126 qarşılaşmanın planlaşdırıldığını qeyd edən Ə.Aykurt vurğulayıb ki, turnirin ilk mərhələsində 66, ikinci mərhələsində isə 60 oyun keçiriləcək: “Tətbiq edilən bu strateji dəyişiklikdə ana hədəfimiz qadın futbolunu daha da inkişaf etdirmək və milli komandalarımız üçün daha geniş oyunçu bazası formalaşdırmaqdır. A qrupunda çempion olacaq komanda növbəti mövsümdə ölkəmizi UEFA Qadınlar Çempionlar Liqasında təmsil etmək hüququ qazanacaq. B qrupunda yer alacaq komandalar üçün isə əsas diqqət inkişafa yönələcək. Bu, həmin klublara gənc istedadlara daha çox şans vermək və yeni oyun modellərini sınaqdan keçirmək imkanı yaradacaq”.
Texniki direktor ölkə kuboku yarışının təşkili ilə bağlı sualı cavablandırarkən bildirib ki, cari mövsüm üçün bu yarışın keçirilməsi nəzərdə tutulmayıb: “Rəhbərlik tərəfindən bu istiqamətdə lazımi təhlillər aparılır. Prioritetimiz çempionatı uğurla başa vurmaqdır. Gelecek mövsümlərdə ölkə kubokunun təşkili ilə bağlı müvafiq işlər görüləcək”.
Qeyd edək ki, AFFA Yüksək Qızlar Liqasında I turun oyunları oktyabrın 18,19 və 20 keçiriləcək.