TDT-nin nəqliyyat və enerji təhlükəsizliyində rolu getdikcə artır - ŞƏRH
Bakı, 21 sentyabr, AZƏRTAC
Nəqliyyat və enerji təhlükəsizliyi sahəsində Türk Dövlətləri Təşkilatının (TDT) rolu son illərdə getdikcə artır. Bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi həm üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, həm də regionun iqtisadi və strateji əhəmiyyətinin yüksəlməsinə mühüm töhfə verir.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş bildirib.
Türk ekspert qeyd edib ki, müasir dövrdə enerji təhlükəsizliyi və etibarlı nəqliyyat bağlantıları ölkələrin ümumi təhlükəsizlik sisteminin əsas elementlərindən birinə çevrilib. Onun sözlərinə görə, enerji resurslarının fasiləsiz və şaxələndirilmiş marşrutlarla daşınması, eyni zamanda yük və sərnişin daşımaları üçün dayanıqlı nəqliyyat infrastrukturlarının formalaşdırılması dövlətlərin iqtisadi dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır.
İ.İşbaş əlavə edib ki, TDT çərçivəsində nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi Mərkəzi Asiya, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradır.
“Bu baxımdan Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən keçən marşrutların səmərəliliyinin artırılması və gömrük-logistika prosedurlarının sadələşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də TDT ölkələri üçün strateji əhəmiyyət daşıyır. Enerji mənbələrinin və nəqli marşrutlarının şaxələndirilməsi, elektrik enerjisi və digər enerji resursları üzrə regional əməkdaşlığın gücləndirilməsi ümumi enerji təhlükəsizliyinə töhfə verə bilər. Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil”, - deyə İ.İşbaş bildirib.
Ekspertin fikrincə, qarşıdakı dövrdə TDT çərçivəsində nəqliyyat, enerji və logistika sahələrində birgə layihələrin artırılması təşkilata üzv ölkələrin iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılmasına şərait yaradacaq: “Bu proses həmçinin Türk dünyası ilə digər regionlar arasında ticarət əlaqələrinin genişlənməsinə xidmət edə bilər”.