Premyer Liqa: Ötən tur “Neftçi”, “Sabah” və “Kəpəz” üçün yubileylərlə əlamətdar olub
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının VI turu “Neftçi”, “Sabah” və “Kəpəz” üçün əlamətdar statistik göstəricilərlə yadda qalıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb. Bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.
Bakı klubu VI turda “Qəbələ”yə qalib gəlib – 3:0. Bu, 242-ci səfər qələbəsi olub. “Ağ-qaralar” evdə 301, neytral meydanda 7 dəfə qalib gəlib. “Neftçi” “Qarabağ”dan sonra 550 və ya daha çox qələbə qazanan 2-ci komanda kimi tarixə düşüb.
Paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev matçında gerçəkləşib – 1:0.
“Sabah” Premyer Liqada 250-ci oyununu keçirib. Bakı klubu turnirin tarixində 250 və daha çox matça çıxan 16-cı komanda olub. Paytaxt təmsilçisinin yubileyi Premyer Liqanın VI turuna təsadüf edib. “Sabah” evdə “İmişli”yə qalib gəlib – 3:1. Son ölkə çempionu 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 heç-heçə edib və 76 dəfə uduzub. Oyunlardan 125-i evdə, 125-i səfərdə baş tutub.
Qeyd edək ki, “Sabah” ilk matçını 2018-ci il avqustun 12-də səfərdə “Sumqayıt”a qarşı keçirib – 1:0.
“Kəpəz” isə Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib. Bu, Premyer Liqanın VI turunun “Sumqayıt”la görüşünə təsadüf edib – 1:1.
Gəncə klubu 720-ci qarşılaşmada “150”yə çatıb. Qərb təmsilçisi turnirin tarixində 150 və daha çox sülhə imza atan 5-ci komandadır.
“Kəpəz”in ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Bərdənin “Pambıqçı” klubu ilə səfər görüşü qolsuz başa çatıb.