UNEC rektoru ali təhsilin mövcud vəziyyəti ilə bağlı fikirlərini bölüşüb
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Azərbaycanda ali təhsilin mövcud vəziyyəti haqqında mütəxəssislərin səsləndirdiyi fərqli fikirlər və mülahizələrə münasibətini bildirib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Ə.Muradov bildirib ki, ali təhsildə vəziyyətin ideal olduğunu təsdiqləmək fikrində deyil və mövcud problemlərin olduğunu qəbul edir. Bununla belə, ali təhsil haqqında ümumi mənzərəni qaraldan fikirlərlə həmfikir olmadığını deyib. Onun sözlərinə görə, ali təhsil haqqında səsləndirilən kəskin mənfi fikirlərin əsasında duran tədqiqatlar görünmür. Eləcə də həmin tədqiqatlar haqqında universitetlər məlumatlandırılmır və onlarla harada tanış olmağın mümkün olduğu bəlli deyil.
“Əgər belə tədqiqatlar varsa (ümid edirəm ki, var), çox xahiş edirəm ki, həmin tədqiqatları [email protected] və yaxud r[email protected] elektron ünvanlarına göndərin, tanış olaq və müzakirə edək. UNEC-də həmin tədqiqatların geniş müzakirəsini də təşkil etməyə hazırıq. Məqsədimiz əsaslandırılmış fikirləri, tövsiyələri, tənqidləri fəaliyyətimizdə nəzərə almaqdır. Böyük səbirsizliklə tədqiqatları gözləyəcəyik”, - deyə rektor bildirib.
Ə.Muradov ali təhsil haqqında neqativ fikirlərin formalaşmasına təsir edən digər məqama da diqqət çəkib. O bildirib ki, belə fikirlərin bir qismi əsasən reallığa deyil, mövcud reallıqlar haqqında formalaşmış təsəvvürlərə əsaslanır. Nəticədə reallığın özü deyil, onun haqqında “yaradılmış” süni təsəvvür önə çəkilir. Oxucular bir sıra hallarda reallıqdan müəyyən dərəcədə qopmuş, faktiki gerçəkliyin yerini tutan xəyali və ya təhrif olunmuş məlumatın əsarətinə düşürlər.