Fransada hökumətə xəbərdarlıq: İctimai narazılığı nəzərə almasalar, qış çətin keçəcək
Paris, 21 sentyabr, AZƏRTAC
Fransanın Əmək Konfederasiyasının baş katibi Sofi Bine hökuməti ölkədə artan sosial narazılığı nəzərə almağa çağırıb. O, “France Inter” radiosuna müsahibəsində bildirib ki, hökumət cəmiyyətdəki narazılığı nəzərə almasa, qış yaxşı keçməyəcək.
AZƏRTAC xəbər verir ki, yanacağın qiymətlərinin Yaxın Şərqdəki müharibənin təsiri ilə artdığı bir vaxtda danışan Bine beynəlxalq vəziyyətin mürəkkəb olduğunu qəbul etsə də, bunun hökumətin 2027-ci il büdcə layihəsində nəzərdə tutduğu qənaət tədbirlərinə əsas vermədiyini deyib.
Baş nazir Sebastyən Lökornünün təqdim etdiyi 2027-ci il büdcə layihəsini konfederasiyanın rəhbəri “təhlükəli” adlandırıb və onun dövlət xidmətlərini zəiflədəcəyini bildirib. Layihədə digər tədbirlərlə yanaşı, gələn il dövlət qulluqçularının əməkhaqqının hesablanmasında istifadə olunan indeksin dondurulması təklif edilir.
Bine bu ilin yayında Fransada baş verən meşə yanğınları və güclü istiləri də xatırladaraq, fövqəladə xidmətlərin və xəstəxanaların imkanlarının artırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, ölkədə milyonlarla işçi gündəlik xərclər qarşısında çətin seçimlə üzləşir və ərzaq çantalarını doldurmaqla avtomobilə yanacaq vurmaq arasında seçim etməyə məcbur olur.
Bine hesab edir ki, əsas məsələ dövlət xərclərini azaltmaq deyil, büdcə gəlirlərini artırmaqdır. O, həmçinin sentyabrın 29-da dövlət sektorunda keçiriləcək tətilə çağırış çərçivəsində “qara gün” aksiyasının təşkilinə çağırıb.