Tarixçi: Biz tam hüquqla Qafqaz Albaniyasının həqiqi varisləri olduğumuzu deyə bilərik
Bakı, 21 sentyabr, AZƏRTAC
Hər bir dövlətin hansı etnik, milli mənsubiyyətə malik olduğunu müəyyən etmək üçün tarixi mənbələrə müraciət etmək və onun tarixi coğrafiyasını müəyyənləşdirmək lazımdır. Ölkəmizin ərazisi Araz çayından şimalda yerləşir. Tarixi mənbələrdə Qafqaz Albaniyasının sərhədləri göstərilir. Həmin sərhədlər barədə mənbələrdə kifayət qədər məlumat var. Məsələn, tarixçi Musa Kalankatlının “Albaniya tarixi” əsərində də bu var. Orada deyilir ki, Qafqaz dağlarından Araz çayına qədər, Xəzər dənizindən İberiya sərhədlərinə qədər Arran, Albaniya torpaqlarıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru Ramil Ağayev deyib.
“Bilirsiniz ki, Albaniyaya həm də Arran deyilib. Bundan başqa, ərəblərdən əvvəlki, erməni mənbələrinin, antik mənbələrin özü də Albaniyanın sərhədlərini təsvir edirlər. Onlar da deyirlər ki, Dərbənddən Araz çayına qədər, Xəzərdən İberiyaya qədər ərazilər Albaniya ərazisidir. Bundan böyük fərqlər ola bilməz, yəni onların təsvir etdikləri coğrafiya bizim coğrafiyamızla üst-üstə düşür”, - deyə tarixçi bildirib.
Ramil Ağayev qeyd edib ki, biz tam hüquqla Qafqaz Albaniyasının Azərbaycan xalqının tarixi keçmişində özünəməxsus yer tutan bir dövlət, özümüzün də onların real, həqiqi varisləri olduğumuzu deyə bilərik.
Fotoqraf – İlkin Cavanşirov