Seyid Yəhya Bakuvi məktəbinin təsir dairəsi Balkanlardan Misirə və ərəb ölkələrinə qədər genişlənib
Bakı, 21 sentyabr, AZƏRTAC
Seyid Yəhya Bakuvinin yaradıcılığı uzun müddət Azərbaycan elmi və ədəbi təfəkkürünün periferiyasında qalıb. Bunun əsas səbəblərindən biri sovet dövründə ideoloji yanaşmalarla əlaqədar təsəvvüf, irfan mətnləri və bu istiqamətdə fəaliyyət göstərən mütəfəkkirlərin yaradıcılığına qoyulan məhdudiyyətlər olub. Seyid Yəhyanın adı bəzi elmi və ədəbi mənbələrdə çəkilsə də, onun yaradıcılığı, fəlsəfi görüşləri, təsəvvüf, əxlaq və irfanla bağlı irsi uzun müddət sistemli şəkildə araşdırılmayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığına maraq tədricən artmağa başlayıb. Onun əsərləri Azərbaycan dilində nəşr olunub, yaradıcılığı elmi tədqiqatların mövzusuna çevrilib, mütəfəkkirin irsi daha geniş şəkildə öyrənilməyə başlanılıb.
Bunu AZƏRTAC-a açıqlamasında yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi deyib.
O diqqətə çatdırıb ki, Seyid Yəhya Bakuvinin irsi yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tədqiq olunur. “Seyid Yəhyanın əsasını qoyduğu mənəvi məktəbin təsir dairəsi Balkanlardan Misirə və ərəb ölkələrinə qədər genişlənib. Mütəfəkkirin əxlaq, mənəvi yüksəliş və insanın daxili inkişafı ilə bağlı irəli sürdüyü prinsiplər bu gün də tədqiqat və müzakirə mövzusu olaraq qalır. Seyid Yəhya Bakuvinin yaradıcılığının kütləvi auditoriya üçün müəyyən qədər çətin qavranıldığını qeyd edən mütəxəssislər bildirirlər ki, onun əsərlərindəki irfani və təsəvvüfi məzmun xüsusi hazırlıq və maraq tələb edir. Bu baxımdan, onun yaradıcılığı Nizami Gəncəvi və Füzuli kimi şairlərin əsərləri ilə müqayisədə daha məhdud auditoriyaya xitab edir.
Seyid Yəhya Bakuvinin irsi özünü dərk etmək, daxili aləmini araşdırmaq və mənəvi inkişaf yolunu seçmək istəyən insanlar üçün xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən mütəfəkkirin yaradıcılığının öyrənilməsi və təbliği davam etdirilməlidir”, - deyə İ.Fəhmi əlavə edib.
Müxbir – Fidan Əlizadə