“18 əsərin sehri”: Azərbaycan musiqisinin inciləri bir səhnədə
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanın əsrlərdən süzülüb gələn zəngin melodiyaları bir səhnədə bir araya gələrək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əsl sənət bayramına çevrilib.
Belə ki, XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “18 əsərin sehri” adlı təntənəli konsert proqramı təqdim edilib. Konsertdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və Xor qrupu geniş proqramla səhnə alıb.
AZƏRTAC xəbər verir ki, konsertə Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edib.

Gecədə Əməkdar artistlər Almaz Orucova, Nərgiz Kərimova, Elnur Zeynalov, tanınmış solistlər Vəfa Vəzirova, Rəvanə Qurbanova, Anar Şuşalı, Fərid Əliyev, Taleh Yahyayev və Gülzar Fərəcova çıxış ediblər. Musiqili proqramda Əməkdar artist Xəyyam Məmmədov kamançada, Xatirə Kərimova isə sazda ifa edib.
Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və Xor qrupunun (xormeyster: Naala Barateliya) ifasında təqdim olunan proqramda Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri xüsusi yer tutub. Bununla yanaşı, Müslüm Maqomayev, Səid Rüstəmov, Qəmbər Hüseynli, Hacı Xanməmmədov, Süleyman Ələsgərov və Şəfiqə Axundovanın Azərbaycan musiqi xəzinəsinə daxil olan seçilən əsərləri də səsləndirilib.

Beləliklə, bir konsert axşamında müxtəlif bəstəkarların yaradıcılığı, orkestr və xor ifası, milli musiqi alətlərinin özünəməxsus tembri və Azərbaycan vokal məktəbinin nümunələri bir araya gəlib.
“18 əsərin sehri” Azərbaycan bəstəkarlıq məktəbinin, milli ifaçılıq ənənələrinin və musiqi mədəniyyətinin səhnədə nümayişi baxımından diqqətçəkən sənət gecəsi olub.
Konsertin proqramı Azərbaycan musiqisinin keçmişdən bu günə uzanan zəngin və rəngarəng yolunu bir daha nümayiş etdirərək tamaşaçılara milli musiqi irsinin əbədiyaşar nümunələri ilə görüş imkanı yaradıb.
Müxbir – Gülay Nəzərova