Astanada Azərbaycan guşəsi: Paxlavadan Novruz ənənələrinədək VİDEO
Astana, 21 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada bu yaxınlarda fəaliyyətə başlayan Azərbaycan Şirniyyat Evinin tərtibatında ölkəmizin mədəniyyəti, milli mətbəxi və ənənələri ilə bağlı motivlər əks olunub.
AZƏRTAC xəbər verir ki, layihənin təşəbbüskarı Natiq Eyvazov üç il əvvəl Qazaxıstana gəlib. Əvvəlcə burada türk paxlavasının istehsalı və satışı ilə məşğul olub. Daha sonra Azərbaycan şirniyyatları və mədəniyyəti ilə bağlı ayrıca bir məkan yaratmaq ideyası yaranıb.
Natiq Eyvazovun sözlərinə görə, Azərbaycanda olmuş qazaxıstanlılar səfərlə bağlı təəssüratlarını tez-tez onunla bölüşüblər: “Qazax dostlarımız tez-tez Azərbaycanda olurlar. Geri qayıdanda gülümsəyərək deyirlər: Bakı necə də gözəl şəhərdir. Onları orada necə qarşıladıqlarından, qonaqpərvərliyimizin onlarda necə xoş təəssürat yaratdığından danışırlar”.
Natiq Eyvazovun sözlərinə görə, qazaxıstanlılar Azərbaycan paxlavasının xüsusiyyətlərinə və onun bu şirniyyatın digər növlərindən fərqlərinə də diqqət yetiriblər.
Azərbaycan Şirniyyat Evinin yaradılması ideyası Azərbaycan icmasının nümayəndələri ilə də müzakirə olunub.
“Bu məkanı açmazdan əvvəl Azərbaycan icması ilə məsləhətləşdik. Bu məsələni “Xəzər” Azərbaycan Etnomədəni Birliyinin sədri Mahir Rzayevlə də müzakirə etdik. O da Azərbaycan Şirniyyat Evinin açılmasının məqsədəuyğun olacağı fikrini bildirdi. Bundan sonra onu açmaq qərarına gəldik”, - deyə Natiq Eyvazov qeyd edib.
Məkanda ailələr üçün ayrıca otaq da yaradılıb. Otağın divarlarında Azərbaycanın musiqi mədəniyyəti və xalçaçılığı, İçərişəhər, eləcə də Novruz bayramı ənənələri ilə bağlı süjetlər təsvir olunub. Burada səməni, milli şirniyyatlar, boyanmış yumurtalar və milli geyimlərdə rəqs səhnələrinin təsvirlərini də görmək mümkündür.
Burada Azərbaycanla bağlı kitab və suvenirlərin təqdim olunduğu ayrıca guşə də var. Onların arasında Azərbaycan milli yeməkləri və şirniyyatlarının təqdim edildiyi “İrəvan mətbəxi” kitabı da yer alır.
Ziyarətçilər arasında Azərbaycan mətbəxi ilə ilk dəfə tanış olan Qazaxıstan sakinləri də var. “Biz bura ilk dəfə gəlmişik və Azərbaycan şirniyyatlarını dadmaq istəyirik” , - deyə ziyarətçilərdən biri bildirib.