BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) süni intellekt istiqamətində tədris və elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni kafedra yaradılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, İnformasiya və kompüter texnologiyaları fakültəsinin nəzdində Kompüter elmləri və süni intellekt kafedrası fəaliyyətə başlayıb.
Kafedrada kompüter elmləri, süni intellekt, maşın öyrənməsi, data elmi, data analitikası, neyron şəbəkələri, dərin öyrənmə və digər müasir istiqamətlər üzrə tədris və elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, süni intellekt və rəqəmsal texnologiyaların inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda bu sahədə tədqiqatların təşviqi, infrastrukturun inkişafı və ixtisaslı kadr potensialının gücləndirilməsi əsas hədəflər sırasında müəyyənləşdirilib.
Rəqəmsal inkişaf sahəsində dövlət siyasətinin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Prezidentin 2026-cı il 27 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.
BMU-da da ölkənin texnoloji inkişaf prioritetlərinə uyğun olaraq süni intellekt istiqamətində kadr hazırlığının gücləndirilməsi məqsədilə işlər davam etdirilir. İki il əvvəl universitetdə İnformasiya və kompüter texnologiyaları fakültəsinin yaradılması müasir texnologiyalar üzrə mütəxəssis hazırlığının inkişaf etdirilməsi istiqamətində atılan addımlardan biri olub.
Hazırda BMU-da magistratura səviyyəsində “Süni intellekt” ixtisaslaşması üzrə də kadr hazırlığı həyata keçirilir.
Yeni kafedranın fəaliyyəti tələbələrin müasir texnologiyalar üzrə nəzəri bilikləri ilə yanaşı, praktiki bacarıqlarının inkişaf etdirilməsinə, elmi-tədqiqat layihələrinə cəlb olunmasına və innovativ təşəbbüslərinin dəstəklənməsinə imkan verəcək.