Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot
Bakı, 21 sentyabr, AZƏRTAC
2016-cı ildən etibarən Azərbaycanda keçirilən Formula 1 Qran-Prisi həm pilotların, həm də azarkeşlərin yaddaşında bir sıra maraqlı hadisələrlə iz qoyub. Bu müddətdə Bakı Şəhər Halqasında mübarizə aparan pilotların hər birinin Azərbaycan Qran-Prisi ilə bağlı öz hekayəsi formalaşıb.
Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, ilk yarışın qalibi Niko Rosberq, Bakıda iki dəfə qələbə qazanan Maks Ferstappen, yeddiqat dünya çempionu Lyuis Hemilton, poul rekordçusu Şarl Lekler və beş dəfə podiuma yüksələn Serxio Peres Azərbaycan Qran-Prisinin tarixində fərqlənən pilotlar sırasında yer alırlar.
Azərbaycan Qran-Prisinin 10-cu yarışı ərəfəsində bu pilotların Bakı Şəhər Halqasında göstərdikləri nəticələrə nəzər salaq.
Niko Rosberq – Bakıda ilk qalib
Formula 1 üzrə dünya çempionu Niko Rosberq Azərbaycan Qran-Prisinin ilk qalibi kimi tarixə düşüb. Almaniyalı pilot 2016-cı ildə Bakıda keçirilən ilk yarışda poul qazanıb, bütün dövrələri lider tamamlayıb və ən sürətli dövrəyə imza ataraq finişə birinci çatıb.
Rosberq bununla karyerasında ikinci dəfə “Böyük Dəbilqə”yə sahib olub. O, Formula 1-də 2006-cı ildə “Williams” komandasında debüt edib, 2010-cu ildən isə “Mercedes”in heyətində yer alıb.

2016-cı il mövsümünün sonunda Rosberq Əbu-Dabi Qran-Prisində ikinci yeri tutaraq Lyuis Hemiltonu 5 xal qabaqlayıb və karyerasında ilk dəfə dünya çempionu olub. Çempionluqdan beş gün sonra isə Formula 1 karyerasını başa vurduğunu açıqlayıb.
Maks Ferstappen – Bakıda iki qələbə
Dördqat dünya çempionu Maks Ferstappen Azərbaycan Qran-Prisində ilk qələbəsini Bakıdakı altıncı yarışında qazanıb. Niderlandlı pilot 2022-ci ildə finiş xəttini birinci keçib. O, 2025-ci ildə isə Bakıda ikinci qələbəsini əldə edib.
Ferstappen ötənilki yarışda poul qazanıb, ən sürətli dövrəyə imza atıb və bütün dövrələri lider tamamlayaraq “Böyük Dəbilqə”yə sahib olub.
Onun Bakıdakı çıxışları uğursuzluqlarla da yadda qalıb. 2018-ci ildə “Red Bull”dakı komanda yoldaşı Daniel Rikkardo ilə toqquşan Ferstappen yarışı başa vura bilməyib. 2021-ci ildə isə lider olduğu yarışda finişə az qalmış təkərinin partlaması səbəbindən mübarizəni dayandırıb.
Ferstappen Formula 1-də 2015-ci ildə debüt edib. Bir il sonra İspaniya Qran-Prisini qazanaraq Formula 1 tarixinin ən gənc yarış qalibi olub.

Lyuis Hemilton – Bakıdakı qələbə və podiumlar
Yeddiqat dünya çempionu Lyuis Hemilton Azərbaycan Qran-Prisində bir dəfə qalib gəlib. Britaniyalı pilot 2017-ci ildə pouldan başlayaraq yarışa liderlik etsə də, bolidində yaranan texniki problem səbəbindən pitə daxil olmaq məcburiyyətində qalıb və qələbə şansını itirib.
Hemilton 2018-ci ildə Bakıda qalib gəlib, 2019-cu ildə isə ikinci yeri tutaraq podiuma yüksəlib.
Formula 1-də 2007-ci ildə debüt edən britaniyalı pilot karyerasında yeddi dəfə dünya çempionu olub. Onun istifadə etdiyi “44” nömrəsi isə kartinq illərindən gəlir. Hemilton səkkiz yaşında yarışmağa başlayarkən atasının avtomobilinin qeydiyyat nişanındakı “44” rəqəmini seçib.
2026-cı ildə Hemilton Bakı Şəhər Halqasında “Ferrari”nin heyətində mübarizə aparacaq.
Şarl Lekler – Bakı Şəhər Halqasının poul rekordçusu
“Ferrari” pilotu Şarl Lekler Azərbaycan Qran-Prisində ən çox poul qazanan sürücüdür. Monakolu pilot 2021, 2022, 2023 və 2024-cü illərdə ardıcıl dörd dəfə sıralanma turunda ən yaxşı nəticəni göstərib.
Bununla belə, Lekler Bakıda hələ qələbə qazana bilməyib. Onun ən yaxşı nəticəsi 2024-cü ildə əldə etdiyi ikinci yerdir.
Lekler Formula 1-də debüt etdiyi 2018-ci ildə “Sauber”in heyətində Bakıda 6-cı olub. 2019-cu ildə isə “Ferrari” ilə yarışın ən sürətli dövrəsinə imza atıb. Onun 1:43.009-luq nəticəsi hazırda Bakı Şəhər Halqasının rəsmi dövrə rekordu olaraq qalır.
Serxio Peres – Bakıda beş podium

Formula 1-də “Çeko” ləqəbi ilə tanınan Serxio Peres Azərbaycan Qran-Prisində iki dəfə qalib gəlib. Meksikalı pilot 2021 və 2023-cü illərdə Bakı Şəhər Halqasında finiş xəttini birinci keçib.
Peres ümumilikdə beş dəfə Azərbaycan Qran-Prisinin podiumuna yüksəlib. O, Bakı Şəhər Halqasında ən çox podium qazanan pilotdur.
Formula 1-də 2011-ci ildə debüt edən Peres karyerası ərzində 6 qələbə qazanıb. Bunlardan ikisi məhz Bakıda əldə olunub. Azərbaycan Qran-Prisi onun Formula 1-də birdən çox qələbə qazandığı yeganə yarışdır.
2026-cı ildə Peres birillik fasilədən sonra Formula 1-ə qayıdaraq yeni “Cadillac” komandasının heyətində çıxış edəcək.
Azərbaycan Qran-Prisinin 10-cu yarışı

Azərbaycan Qran-Prisinin 10 illik tarixi ərzində Bakı Şəhər Halqasında müxtəlif pilotlar fərqli nəticələrlə yadda qalıblar. Rosberqin ilk qələbəsi, Hemiltonun Bakıdakı uğuru, Peresin iki qələbəsi və beş podiumu, Leklerin poul rekordları, həmçinin Ferstappenin iki qələbəsi Azərbaycan Qran-Prisinin tarixində xüsusi yer tutur.
2026-cı ildə keçiriləcək 10-cu Azərbaycan Qran-Prisi isə Bakı Şəhər Halqasının növbəti Formula 1 yarışına ev sahibliyi etməsi ilə əlamətdar olacaq. Sentyabrın 24-26-da keçiriləcək yarış həftəsonunda pilotlar yenidən Bakı küçələrində mübarizə aparacaqlar.