Cəlal Qasımov: “AZEMBA” proqramı Madriddən Bakıya bilik və beynəlxalq təcrübə gətirəcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Biznesdə və dövlət siyasətində texnologiya və kapital haqqında çox danışırıq və şübhəsiz ki, bunların hamısı vacibdir. Lakin onların heç biri təkbaşına dəyər yaratmır. Dəyəri insanlar yaratmalıdır - düzgün biznes qərarları qəbul edən, çətinlikləri dəf edən və bu qərarları icra edən şirkətləri və ya təşkilatları quran insanlar. Məhz buna görə rəhbər şəxslərin təhsili xüsusilə Azərbaycanın inkişafının növbəti mərhələsinə qədəm qoyduğu bir dövrdə çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov "Liderlik və innovasiya üzrə IE Mərkəzinin - "AZEMBA" proqramının açılışında deyib.
“Rəhbərlərimizin keyfiyyəti şirkətlərimizin, təşkilatlarımızın keyfiyyətinə və nəhayət, ölkəmizin rəqabət qabiliyyətinə təsir edəcək. "PAŞA Holdinq"də liderliyin inkişafı uzun müddətdir ki, əsas prioritetlərimizdən biridir. Biz Azərbaycan və fəaliyyət göstərdiyimiz bütün ölkələr üçün güclü liderlər yetişdirmək istəyirik. Təcrübədən də bilirik ki, liderlik yalnız təlimlərlə formalaşmır. Liderlik bilik təcrübə ilə birləşdikdə, fərziyyələr sınağa çəkildikdə və insanlar cavabların heç də aydın olmadığı situasiyalarda düzgün mühakimə yürütməyi öyrəndikdə inkişaf edir. "AZEMBA" proqramı məhz belə bir mühit yaradır. O, IE Universitetinin akademik standartlarını və beynəlxalq baxışını Azərbaycana gətirir, eyni zamanda, onları Azərbaycanın reallıqları, yerli biznes ictimaiyyətimizin təcrübə və iddiaları ilə əlaqələndirir. Bu proqram "PAŞA Holdinq"in 20 illik yubileyi ilində həyata keçirilir və xüsusilə mənalıdır. Biz qurduğumuz bizneslərə, etdiyimiz investisiyalara, böyüməsinə kömək etdiyimiz insanlara dönüb baxa bilərik, lakin növbəti 20 ilimiz təşkilat olaraq öyrənməyə nə dərəcədə davam edəcəyimizdən və yetişdirəcəyimiz liderlərin keyfiyyətindən asılı olacaq. Bu proqram Madriddən Bakıya bilik və beynəlxalq təcrübə gətirəcək, eyni zamanda, Azərbaycanın və geniş regionun təcrübə və ideyalarının daha geniş beynəlxalq müzakirələrin bir hissəsinə çevrilməsinə imkan yaradacaq", - deyə C.Qasımov qeyd edib.
O bildirib ki, biz özümüzü yalnız qlobal biliyin qəbul edəni kimi görməməliyik, həm də ona töhfə verməyin yollarını tapmalıyıq: “Marağın səviyyəsi keyfiyyətli təhsilə olan tələbatı bir daha təsdiqləyir. Şirkətlər qurulanda səhmdarlar kapital yatırırlar və bu kapital pul, yaxud digər maddi və ya qeyri-maddi aktivlər şəklində şirkətin ilk aktivlərini formalaşdırır. Əgər şirkət bu aktivlərdən düzgün istifadə edərsə, böyüyür. Lakin müəyyən bir mərhələdə növbəti addım üçün yeni kapital tələb oluna bilər - istər yeni insanlardan, yeni şirkətlərdən gələn yeni investisiyalar, istərsə də IPO vasitəsilə”.