Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH
Bakı, 20 sentyabr, AZƏRTAC
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, milli qürurumuzu və dövlətimizin gücünü təcəssüm etdirən mühüm tarixi gündür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi xalqımızın dövlətçilik tarixində baş vermiş mühüm hadisələrin məntiqi yekununu özündə əks etdirir. Sərəncamda da qeyd olunduğu kimi, 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, Azərbaycanın dövlət suverenliyinə gedən yol heç də asan olmayıb: “Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi uzun illər işğal altında saxlanılıb, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz prinsipial mövqeyindən geri çəkilməyib, ərazi bütövlüyünün və suverenliyinin bərpasını əsas milli məqsədlərdən biri kimi müəyyən edib.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin dönüş nöqtələrindən biri oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı ərazilərimizin böyük hissəsini azad etdi. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu”.
“Lakin Azərbaycanın qarşısında daha bir mühüm vəzifə - dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi dayanırdı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin öz sərhədləri və ərazisi üzərində nəzarətinin təmin olunması istiqamətində mühüm addım idi.
2023-cü il sentyabrın 19-da isə Qarabağ iqtisadi rayonunda başlanan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın öz ərazisində konstitusiya quruluşunu bərpa etmək və dövlət suverenliyini təmin etmək əzmini nümayiş etdirdi. Əməliyyat sentyabrın 20-də başa çatdı və nəticədə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tarixinin ən böyük məqsədlərindən birinə nail oldu. Bu gün üçrəngli Azərbaycan Bayrağı ölkəmizin bütün ərazilərində dalğalanır, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi dövlətimizin bütün ərazisində təmin olunur”, - deyə Fatma Yıldırım vurğulayıb.
Deputatın sözlərinə görə, dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb: “Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, regionun sosial-iqtisadi inkişafı üçün mühüm layihələr icra olunur.
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi nailiyyətlərin dövlətçilik və hüquqi dövlət quruculuğu baxımından əhəmiyyətini bir daha nümayiş etdirdi. Sərəncamda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının milli dövlətçilik tariximizdə xüsusi əhəmiyyəti vurğulanır.
Bu gün Azərbaycan tam suveren dövlət kimi öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Ölkəmizin əldə etdiyi tarixi Zəfər dövlətçilik iradəmizin, milli həmrəyliyimizin və xalq-dövlət birliyimizin təntənəsidir”.