Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan və Türkmənistanın musiqi ənənələrində intonasiya və ritm baxımından bir çox ümumi xüsusiyyətlər var. Azərbaycan musiqisi isə Türkmüstanın müasir bəstəkarları üçün ilham mənbəyidir.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Türkmənistan Mədəniyyət Nazirliyinin Qeyri-maddi Mədəni İrs İdarəsinin rəisi Cəmilə Qurbanova deyib.
Onun sözlərinə görə, türkmən musiqiçiləri Azərbaycan musiqisinə, xüsusilə də muğama böyük maraq göstərirlər: “Musiqi ənənələrindəki fərqlərə baxmayaraq, onlar yaradıcılıqlarında Azərbaycan musiqi mədəniyyətinin ayrı-ayrı elementlərindən istifadə edirlər”.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından danışan C.Qurbanova vurğulayıb ki, onun musiqisi beynəlxalq səviyyədə geniş tanınıb və Azərbaycandan çox uzaqlarda da öz dinləyicilərini tapıb.
“Bu, sizin sevgi ilə gələcək nəsillərə ötürdüyünüz böyük irsdir. Bu, çox gözəl missiyadır”, – deyə Türkmənistan Mədəniyyət Nazirliyinin nümayəndəsi qeyd edib.
C.Qurbanova türkmən gənclərinin Azərbaycan musiqi mədəniyyətinə marağından da danışıb. Maya Quliyeva adına Türkmənistan Milli Konservatoriyasında “Türk xalqlarının musiqi mədəniyyəti” fənni çərçivəsində Azərbaycan bəstəkarlarının yaradıcılığı, xanəndəlik mədəniyyəti və sənəti öyrədilir: “Tələbələrimiz Azərbaycan musiqisini çox sevirlər. Biz slaydlar, videolar nümayiş etdiririk. Bu bölmə hamıda böyük maraq doğurur”.
Türk Dünyası Bəstəkarlar İttifaqının yaradılması məsələsinə toxunan C.Qurbanova bu təşəbbüsü Türkmənistan üçün mühüm hadisə adlandırıb. Onun sözlərinə görə, hazırda ölkə bu birliyin fəaliyyətində müşahidəçi qismində iştirak edir, lakin onun fəaliyyətini dəstəkləyir və əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid edir.
“Burada çox böyük potensial, zəngin mədəniyyət və gözəl musiqi var və bütün bunlar gələcəkdə öz bəhrəsini verəcək”, – deyə Türkmənistan Mədəniyyət Nazirliyinin idarə rəisi vurğulayıb.
C.Qurbanova Azərbaycan ilə Türkmənistan arasında mədəni əlaqələrin daha da möhkəmlənəcəyinə, mədəniyyət və musiqi sahəsində birgə təşəbbüslərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.