Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1992-ci ildə itkin düşmüş, 2024-cü ilin sentyabrında qalıqları tapılaraq dəfn olunmuş şəhid Rüstəmov Tərlan Kamal oğlunun ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, anım mərasimində şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər şəhidin ailəsinə baş sağlığı verib və Vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildiriblər. Ölkə rəhbərliyinin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyi, bunun davamlı olacağı vurğulanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Tərlan Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.