Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib
Oğuz, 20 sentyabr, AZƏRTAC
Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Oğuz Rayon İcra Hakimiyyətinin, eləcə də rayonun idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, Dövlət Suverenliyi Gününün qeyd olunması ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və dövlət suverenliyi ilə bağlı mühüm tarixi hadisələrin gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Əlamətdar gün münasibətilə təşkil olunan ağacəkmə aksiyası da bu tarixi günün ictimai və sosial əhəmiyyətini əks etdirən tədbirlərdən biridir.
Tədbir iştirakçıları tərəfindən müxtəlif ərazilərdə ağaclar əkilib, abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Müxbir - Rasim İslamoğlu