Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub
Qax, 20 sentyabr, AZƏRTAC
Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını ifadə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası rayon təşkilatında dəyirmi masa keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Dövlət Suverenliyi Gününün əhəmiyyətinə toxunub. Bu günün Azərbaycan xalqının müasir tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.
Digər çıxışlarda da antiterror əməliyyatı ilə Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin bərpasından danışılıb. Qeyd olunub ki, bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələdir.