Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur
Bakı, 20 sentyabr, AZƏRTAC
Dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqisi təkcə Azərbaycan xalqına deyil, Qazaxıstanın incəsənət nümayəndələrinə də yaxındır. Ümumi türk kökləri iki ölkənin bəstəkar məktəblərinin formalaşmasında öz əksini tapıb.
Bunu Qazaxıstanın T.Jurqenov adına Milli İncəsənət Akademiyasının professoru Gülnarə Əbdrəhman AZƏRTAC-a açıqlamasında deyib.
“Azərbaycan xalqı üçün belə əlamətdar günlərdə burada olmaq mənim üçün çox xoşdur. Dahi Üzeyir Hacıbəylinin doğum günü böyük əhəmiyyət daşıyır. Sizin mədəniyyətiniz bizə çox yaxındır. Biz onun musiqisi ilə böyümüşük”, – deyə o vurğulayıb.
Professorun sözlərinə görə, vahid sovet mədəni məkanının mövcud olduğu dövrdə Qazaxıstan və Azərbaycan bəstəkarları arasında sıx əlaqələr formalaşıb: “Ümumi türk köklərimiz bəstəkar məktəblərinin inkişafında yeni formada təzahür edib. Avropa akademik musiqisinin yeni janrlarının mənimsənilməsi, eləcə də yeni tip bəstəkar yaradıcılığının formalaşması prosesləri də bir çox cəhətdən oxşar olub”.
O, iki ölkənin müasir musiqi tendensiyalarının qarşılıqlı öyrənilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu, ümumi mədəni kökləri daha dərindən anlamağa, onlara yeni prizmadan yanaşmağa və mədəni irsi gələcək nəsillərə ötürməyə imkan verir.
G.Əbdrəhman, həmçinin qeyd edib ki, Azərbaycan bəstəkarlarının əsərləri Qazaxıstanda səsləndirilməkdə davam edir: “Xüsusilə də Qara Qarayevin musiqisi konservatoriyada keçirilən konsertlərdə mütəmadi ifa olunur. Həmçinin, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığı da bu ölkədə yaxşı tanınır”.