Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik
Bakı, 20 sentyabr, AZƏRTAC
Qarabağda və Şərqi Zəngəzurda Albaniya dövrünə aid bir çox abidələrimiz üzərində tədqiqatlar aparılır. Ağdam rayonu ərazisində Şahbulaq abidələr kompleksinə daxil olan antik və ilk orta əsr şəhər yerində - Albaniya dövrünə aid olan qədim şəhər yerində kilsə kompleksi də aşkar olunub. Şahbulaq ekspedisiyasına tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev rəhbərlik edir. Xudavəng monastırında bu il arxeoloji tədqiqatlara başlamışıq və bu arxeoloji tədqiqatlar Antik dövr və Albaniya arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov tərəfindən aparılır.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova söyləyib.
Müsahibimiz vurğulayıb ki, bölgələrdəki abidələr Azərbaycan ərazisində yaşamış, həm siyasi hadisələrdə, həm mədəni proseslərdə çox uzun müddət öz sözünü demiş alban etnosunun tarixi ilə bağlı mühüm informasiyalar daşıyır və ona görə də ciddi tədqiq olunmalıdır.
“Qarabağın və Şərqi Zəngəzurun hər bir bucağında demək olar ki, biz bu maddi mədəni irsin izlərinə rast gəlirik. Ermənilər tərəfindən bu abidələrin bir hissəsi sıradan çıxarılsa da, vandalizmə məruz qalsa da, alban abidələrinə rast gəlinir. Məsələn, Tuğ kəndində bir neçə alban abidəsi var və keçən il Azərbaycan arxeoloqları tərəfindən tədqiq olunub”, - deyə Ellada Bəkirova bildirib.
Müxbir – Tünzalə Arazlı