Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq
Bakı, 20 sentyabr, AZƏRTAC
Bu gün biz tarixi hadisənin şahidiyik. Dahi Üzeyir Hacıbəyli adına XVIII Beynəlxalq Musiqi Festivalında və Türk Dünyası Bəstəkarlarının I Qurultayında iştirak etmək üçün Azərbaycana gələn bəstəkarlar “Türk Dünyası Bəstəkarlar İttifaqı”nda birləşmək niyyətlərini ifadə ediblər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib.
Onun sözlərinə görə, İttifaqın yaradılmasında əsas məqsəd Türk dünyasının musiqi ictimaiyyətinin nümayəndələrini bir araya gətirəcək, ümumi musiqi irsinin qorunmasına və təbliğinə, peşəkar əməkdaşlığın inkişafına və müasir musiqinin tanıdılmasına töhfə verəcək peşəkar platforma formalaşdırmaqdır.
“Biz bu sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla da əməkdaşlıq etmək niyyətindəyik. Məsələn, ənənəvi musiqi və rəqs sahəsində mütəxəssisləri birləşdirən “ICTMD” artıq 20 ildən çoxdur fəaliyyət göstərir. Yaratdığımız İttifaqın xüsusiyyəti ondan ibarətdir ki, burada bəstəkarlar, musiqişünaslar, art-menecerlər və prodüserlər bir araya gələcəklər”, – deyə Aktotı Raimkulova bildirib.
Fondun prezidenti vurğulayıb ki, İttifaqın əsas vəzifələrindən biri türk musiqisinin və Türk dünyası bəstəkarlarının yaradıcılığının birgə təbliği, eləcə də gənc müəlliflərə və yeni yaradıcılıq təşəbbüslərinə dəstək göstərilməsi olacaq.
“Hazırlanmış yol xəritəsinə uyğun olaraq, hər il müxtəlif ölkələrdə plenumların və qurultayların keçirilməsi planlaşdırılır. İttifaqa sədrliyin rotasiya prinsipi əsasında bir ölkədən digərinə keçməsi nəzərdə tutulur. Beləliklə, biz musiqi irsinin qorunması və təbliği, müasir musiqinin tanıdılması və Türk dünyasında peşəkar əlaqələrin möhkəmləndirilməsi üçün səylərimizi birləşdirməyə çalışırıq”, – deyə o əlavə edib.