Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub
Zaqatala, 20 sentyabr, AZƏRTAC
Zaqatala rayon Heydər Əliyev Mərkəzində 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Suverenliyi Gününə həsr olunmuş film nümayiş etdirilib.
Sonra Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Anar Seyidovun məruzəsi dinlənilib. Məruzədə Dövlət Suverenliyi Gününün əhəmiyyətindən, müasir dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan, 2020-ci ildə qazanılan şanlı Zəfər və 2023-cü ildə lokal antiterror əməliyyatları respublikamızın suverenliyinin tam və ədalətli bərpası ilə nəticələndiyində bəhs olunub.
Tədbirdə çıxış edən digər natiqlər, 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətini diqqətə çatdırıb, həmçinin gənc nəslin dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə və Vətənə bağlı ruhda formalaşmasının önəmli olduğunu qeyd ediblər.
Müxbir - Rasim İslamoğlu