Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub
Naxçıvan, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Naxçıvan Dövlət Milli Dram Teatrı arasında qarşılıqlı yaradıcılıq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Naxçıvan Dövlət Milli Dram Teatrından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdən öncə hər iki teatrın nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib. Qonaqlar Heydər Əliyev Muzeyində dahi rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Sonra əməkdaşlıq memorandumu imzalanıb.
Vurğulanıb ki, memorandumun imzalanması Bakı və Naxçıvan teatr mühitinin inteqrasiyası, eləcə də milli teatr sənətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Sənəddə Bakı və Naxçıvanın regional kimliyini təmsil edən teatrlar arasında yaradıcı mübadilə, 21-ci əsrin yeni sənət platformalarının müzakirəsi, birgə tamaşa layihələrinin və festivalların təşkili, eləcə də forum və ustad dərslərinin keçirilməsi kimi mühüm bəndlər əksini tapıb.
İmzalama mərasimində Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov çıxış edərək bu sənədin Bakı ilə Naxçıvanın sənət mühiti arasında strateji körpü olduğunu, iki teatrın yaradıcı potensialını birləşdirərək gənc nəsil üçün yeni üfüqlər açacağını bildirib.
Qurulan əməkdaşlığı vacib hadisə kimi dəyərləndirən Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov vurğulayıb ki, bu tərəfdaşlıq Naxçıvan teatrının təkcə respublika miqyasında deyil, beynəlxalq festivallar müstəvisində də inteqrasiyasına və təmsil olunmasına böyük şans yaradır.
Müxbir- Nail Əsgərov