Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir
Bakı, 20 sentyabr, AZƏRTAC
Hər bir dövlətin mövcudluğunun fundamental şərtlərindən olan suverenlik ölkələrin öz ərazisi və sərhədləri daxilində ali hakimiyyətinin, müstəqil siyasi iradəsinin və konstitusiya quruluşunun təminatıdır. Bu xüsusda, 2023-cü il sentyabrın 20-də Azərbaycan xalqının bütün ərazisində dövlət suverenliyini tam bərpa etməsi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
“Müstəqillik illərinin əvvəllərində Ermənistanın təcavüzü ilə üzləşən, torpaqlarının 20 faizini itirən Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasına uyğun olaraq, böyük tərəqqi yolu qət etdi. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə bütün sahələrdə inkişaf təmin olundu, xalqımızın həmrəyliyi daha da möhkəmləndirildi”, - deyə Şahin İsmayılov bildirib.
Azərbaycan xalqının 30 ilə yaxın müddətdə işğalla barışmadığını, döyüş meydanında tarixi Zəfərə imza ataraq ədaləti bərpa etdiyini diqqətə çatdıran komitə sədri qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, sərkərdəlik məharəti və xalqımızın sarsılmaz birliyi sayəsində dövlətçilik tariximizin şanlı səhifələri yazıldı: “Vətən müharibəsində qazanılan parlaq Zəfər 30 ilə yaxın davam edən işğala son qoydu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Üç il əvvəl isə dünya Azərbaycanın növbəti tarixi Qələbəsinə şahidlik etdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam təmin olundu, həmin ərazilərdə konstitusiya quruluşu bərpa edildi”.
Şahin İsmayılov bildirib ki, antiterror tədbirlərindən sonra qondarma rejim özünü buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərqərar olundu: “Ölkənin bütün ərazisində hakimiyyətin aliliyi və dövlət nəzarəti təmin edildi. Beləliklə, Azərbaycanın siyasi və inzibati idarəçiliyi beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində tam bərqərar oldu”.
Komitə sədrinin sözlərinə görə, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra Azərbaycanın qarşısında duran əsas strateji hədəflərdən biri əldə olunmuş tarixi nəticələrin dayanıqlı sülh, təhlükəsizlik və regional əməkdaşlıqla möhkəmləndirilməsi idi: “Ötən ilin avqustunda dünya Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannaməni imzalamasına, eləcə də iki ölkənin xarici işlər nazirləri tərəfindən sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş layihəsinin paraflanmasına şahidlik etdi. Bu sənədlər regionda qarşılıqlı hörmətə əsaslanan münasibətlərin və uzunmüddətli sülhün möhkəmləndirilməsi baxımından mühüm mərhələ oldu”.
“Məhz dövlət suverenliyimizin tam bərpasından sonra regionda yeni siyasi reallıqlar formalaşdı. Azərbaycan bu gün əldə etdiyi tarixi nailiyyətləri sülh, sabitlik və regional əməkdaşlıqla möhkəmləndirmək istiqamətində ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis olunan Dövlət Suverenliyi Günü xalqımızın milli birliyinin, müstəqillik əzminin və qüdrətli Azərbaycan dövlətinin rəmzi kimi tariximizdə xüsusi yer tutur. Bu gün Azərbaycan xalqı müstəqil dövlətinə, bərpa edilmiş ərazi bütövlüyünə və tam təmin olunmuş suverenliyinə sahibdir”, - deyə Şahin İsmayılov vurğulayıb.