Qafqaz Albaniyası: siyasi və elmi şüurun aktual mövzusu
Bakı, 21 sentyabr, AZƏRTAC
Qafqaz Albaniyası məsələsi hazırda təkcə tarixi mövzu deyil, həm də siyasi və elmi şüurun aktual istiqamətlərindən biridir. Azərbaycan dövlətinin Qarabağa səfər edən diplomatların bölgədə aparılan quruculuq işləri ilə yanaşı, maddi-mədəni irs nümunələri ilə tanış olması üçün yaratdığı imkanlar mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov söyləyib.
“Bu addıma Ermənistan siyasi və elmi dairələrinin emosional reaksiyası diqqətdən yayınmır. Halbuki belə məsələlərə münasibət emosiyalarla deyil, konkret elmi faktlar və əsaslandırılmış arqumentlərlə ifadə olunmalıdır. Qafqaz Albaniyası və Qarabağ məsələsində obyektiv elmi mövqenin ortaya qoyulması xüsusilə vacibdir”, - deyə F.Qurbanov vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın tarixi-mədəni irsinin, o cümlədən Qafqaz Albaniyası ilə bağlı maddi- mədəni nümunələrin beynəlxalq elmi və diplomatik müstəvidə təqdim olunması mühüm istiqamətlərdən biridir: Azərbaycanın bugünkü fəaliyyəti öz tarixi-mədəni irsini dünya ictimaiyyətinə daha geniş şəkildə tanıtmağa yönəlib. Bu baxımdan Qafqaz Albaniyası irsinin tədqiqi və obyektiv təqdimatı xüsusi əhəmiyyət kəsb edir.
Müsahibimiz bildirib ki, Azərbaycanın Qərbi Azərbaycanla bağlı gündəliyinin beynəlxalq və elmi müstəvidə aktuallaşması da bu prosesin mühüm istiqamətlərindən biridir: “Qərbi Azərbaycan mövzusunun son dövrlərdə daha geniş şəkildə siyasi və ictimai gündəmə daxil olması göstərir ki, məsələnin tarixi və mədəni aspektlərinin araşdırılması zərurəti artır. Bu kontekstdə alban irsi də elmi baxımdan ciddi tədqiqat mövzusu kimi qarşıda dayanır”.
F.Qurbanov Azərbaycan alimlərinin Qafqaz Albaniyası məsələsinə münasibətinin elmi faktlara və tarixi mənbələrə əsaslanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə aparılan araşdırmalar həm ölkə daxilində, həm də beynəlxalq elmi müstəvidə məsələnin obyektiv şəkildə təqdim olunmasına xidmət edir.
“Qafqaz Albaniyasının maddi-mədəni irsi tarixi yaddaşımızın mühüm hissəsidir. Biz bu irsi unutmamalı, onun elmi əsaslarla öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına diqqət göstərməliyik. Qafqaz Albaniyası ikincidərəcəli tarixi məsələ deyil. Düşünürəm ki, bu mövzunun aktuallığı Qərbi Azərbaycan, Qarabağ, Şərqi Zəngəzur və digər mühüm tarixi-mədəni kontekstlərdə bundan sonra da davam edəcək. Burada əsas məqsəd tarixi faktları elmi şəkildə araşdırmaq, milli-mədəni irsimizi qorumaq və onu beynəlxalq ictimaiyyətə obyektiv şəkildə təqdim etməkdir”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Müxbir - Tünzalə Arazlı