Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
Pekin, 20 sentyabr, AZƏRTAC
Nyu-Yorkda Çin ilə ABŞ arasında iqtisadi və ticarət məsələlərinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu başlayıb.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, Çin tərəfinə Baş nazirin müavini He Lifen, ABŞ tərəfinə isə isə maliyyə naziri Skott Bessent rəhbərlik edirlər.
Görüşdən əvvəl ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Tramp administrasiyası öhdəliklərin icrasına nəzarət etmək, həssas olmayan malların ticarətini optimallaşdırmaq, amerikalı fermerlərin, istehsalçıların və işçilərin bazara çıxış imkanlarını yaxşılaşdırmaq yolu ilə Çinlə balanslı ticarət siyasətini davam etdirəcək. Çinin Kommersiya Nazirliyi isə məsləhətləşmələrin qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələlərini əhatə edəcəyini bəyan edib.
Nyu-York danışıqları Çin Sədri Si Cinpinin ABŞ-yə gözlənilən səfəri ərəfəsində baş tutur.
Qeyd edək ki, Donald Tramp ötən ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan sonra dünyanın iki böyük iqtisadiyyatı arasında yaranmış ticarət və rüsum mübahisələrinə dair Cenevrə, London, Stokholm, Madrid, Kuala Lumpur və Parisdə yüksəksəviyyəli danışıqlar keçirilib. Həmin danışıqlarda, habelə dövlət başçılarının ötən ilin oktyabrında Cənubi Koreyada keçirilmiş görüşündə əldə edilmiş razılaşmalar nəticəsində tərəflər ticarət mübahisələrinə bir illik fasilə veriblər. Bu müddət noyabrın 10-da başa çatır.