Nəsillər: X-dən Alfaya-dək: Müxtəlif nəsillərin maliyyə davranışı və dəyərləri – MÜSAHİBƏ
Bakı, 21 sentyabr, AZƏRTAC
Pul xərcləmək, qənaət etmək, kredit götürmək və gələcəyi planlaşdırmaq - hər nəsil bu məsələlərə fərqli yanaşır. X nəslinin formalaşdığı dövrlə Z və Alfa nəslinin böyüdüyü rəqəmsal mühit arasında böyük fərq var. Bu fərq onların maliyyə vərdişlərində də özünü göstərir.
AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Mərkəzi Bankının Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə rəisi İlahə Tahirli-Baxışova X, Y (Mileniallar), Z və Alfa nəsillərinin maliyyə davranışında müşahidə olunan əsas fərqlər, şəxsi maliyyələrini idarə etmək üçün hansı alətlərə üstünlük vermələri və investisiyaya marağından bəhs edib. Müsahibəni təqdim edirik.
- İlahə xanım, X, Y (Mileniallar), Z və Alfa nəsillərinin maliyyə davranışında müşahidə olunan əsas fərqlər hansılardır?
- Müxtəlif nəsillərin maliyyə davranışı onların böyüdüyü dövrün iqtisadi və texnoloji şəraiti ilə sıx bağlıdır. Məsələn, X nəsli maliyyə məsələlərində daha ehtiyatlı davranır, qənaətə üstünlük verir və ənənəvi bank xidmətlərinə daha çox etibar göstərir. Mileniallar isə həm ənənəvi, həm də rəqəmsal maliyyə alətlərindən istifadə edən keçid nəsli hesab olunur. Onlar gəlirlərini idarə etməyə, investisiya etməyə və maliyyə planlaşdırmasına maraq göstərsələr də, həyat keyfiyyətinə və təcrübələrə xərcləməyə də önəm verirlər.
Z nəsli tam rəqəmsal mühitdə böyüdüyü üçün maliyyə əməliyyatlarını əsasən mobil tətbiqlər və onlayn platformalar üzərindən həyata keçirir. Bu nəsil maliyyə müstəqilliyinə daha erkən yaşlarda maraq göstərir və yeni maliyyə texnologiyalarını daha sürətlə mənimsəyir.
Alfa nəsli isə hələ formalaşma mərhələsindədir. Lakin onların ilk maliyyə təcrübələri artıq rəqəmsal ödənişlər, süni intellekt və texnologiyaəsaslı xidmətlərlə əlaqəlidir. Gözləntilərə görə, bu nəsil gələcəkdə tam rəqəmsal maliyyə ekosisteminin əsas istifadəçiləri olacaq.
Ümumiyyətlə, əsas fərq ondan ibarətdir ki, yaşlı nəsillər maliyyə sabitliyi və təhlükəsizliyə daha çox önəm verdiyi halda, gənc nəsillər sürətə, rahatlığa, innovativ həllərə və rəqəmsal maliyyə xidmətlərinə üstünlük verirlər.
- Müxtəlif nəsillər şəxsi maliyyələrini idarə etmək üçün hansı alətlərə (nağd vəsait, bank kartları, mobil bankçılıq, depozitlər, investisiya məhsulları və sair) daha çox üstünlük verirlər? Bu fərqləri şərtləndirən əsas amillər nələrdir?
- Müxtəlif nəsillərin maliyyə alətlərinə yanaşması fərqlidir. X nəsli daha çox nağd vəsaitə, depozitlərə və ənənəvi bank xidmətlərinə üstünlük verir. Mileniallar bank kartları, mobil bankçılıq və investisiya məhsullarından aktiv istifadə edir. Z nəsli isə əsasən rəqəmsal ödənişlərə, mobil tətbiqlərə və onlayn maliyyə həllərinə üstünlük verir. Alfa nəsli hələ formalaşma mərhələsində olsa da, onların maliyyə dünyası əsasən rəqəmsal platformalar üzərində qurulur.
Bu fərqlərin əsas səbəbləri texnologiyaların inkişafı, maliyyə xidmətlərinə çıxış imkanları, gəlir səviyyəsi və həyat təcrübəsidir. Yaşlı nəsillər maliyyə böhranları və iqtisadi dəyişikliklərlə bağlı daha çox təcrübəyə malik olduqları üçün təhlükəsizlik, sabit gəlir və aşağı riskli məhsullara üstünlük verirlər. Gənc nəsillər isə rəqəmsal mühitdə böyüdüklərindən yeni texnologiyalara daha tez uyğunlaşır, maliyyə əməliyyatlarında sürət, rahatlıq və əlçatanlığı ön plana çıxarırlar. Eyni zamanda, maliyyə savadlılığının artması və rəqəmsal platformaların geniş yayılması gənclərin investisiya və digər müasir maliyyə alətlərinə marağını artırır.

- Gənc nəsillərin investisiyaya marağının artmasının əsas səbəbləri hansılardır? Onlar daha çox hansı investisiya alətlərini seçirlər?
- Gənc nəsillərin investisiyaya marağının artmasının əsas səbəbləri rəqəmsal platformaların əlçatanlığı, maliyyə məlumatlarına çıxışın asanlaşması və maliyyə müstəqilliyinə olan istəyin güclənməsidir. Sosial media, onlayn təhsil resursları və investisiya tətbiqləri investisiyanı daha anlaşılan və əlçatan edib. Eyni zamanda, inflyasiya şəraitində yığımların dəyərinin qorunması ehtiyacı da gəncləri investisiyaya yönəldən amillərdəndir.
Gənc investorlar daha çox investisiya fondları, səhmlər, istiqrazlar və digər rəqəmsal investisiya platformalarında təqdim olunan məhsullara maraq göstərirlər. Onların seçimində ən önəmli meyarlar rahatlıq, şəffaflıq, aşağı giriş məbləği və investisiyaları onlayn şəkildə idarə etmək imkanlarıdır.
- Yaşlı nəsillərin nağd vəsaitə üstünlük verməsinin səbəbləri nədən ibarətdir?
- Yaşlı nəsillərin nağd vəsaitə üstünlük verməsinin əsas səbəbləri onların maliyyə vərdişləri, təhlükəsizlik anlayışı və uzun illər ərzində formalaşdırdıqları etimaddır. Bu nəsillər maliyyə əməliyyatlarına daha çox nəzarət etmək və vəsaitlərini fiziki formada görmək istəyirlər.
Bundan əlavə, rəqəmsal texnologiyalardan istifadə səviyyəsinin nisbətən aşağı olması və kibertəhlükəsizliklə bağlı narahatlıqlar da nağd pula üstünlük verilməsinə təsir göstərir. Bununla belə, son illərdə rəqəmsal bankçılıq xidmətlərinin inkişafı sayəsində yaşlı nəsillər arasında da bank kartları və onlayn maliyyə xidmətlərindən istifadənin artdığı müşahidə olunur.
- Kreditlərdən istifadə və borclanma mədəniyyəti baxımından nəsillər arasında hansı fərqlər müşahidə olunur?
- Azərbaycan reallığında nəsillər arasında kreditə münasibətdə fərqlər əsasən maliyyə vərdişləri və gəlir imkanları ilə əlaqədardır. Yaşlı nəsillər adətən kreditə daha ehtiyatla yanaşır və yalnız zəruri hallarda – mənzil, təmir və ya iri alışlar üçün müraciət edirlər. Onlar borclanmamağı və imkan daxilində əvvəlcə yığım etməyi üstün tuturlar. Gənc nəsillər isə istehlak və həyat tərzi ehtiyacları səbəbindən kredit məhsullarından daha çox istifadə edirlər. Xüsusilə taksit, istehlak krediti və kart üzərindən təqdim olunan maliyyələşdirmə imkanları onların gündəlik həyatında daha geniş yer tutur. Bununla yanaşı, gənclər arasında kreditin maliyyə aləti kimi qəbul edilməsi daha yüksəkdir.
Bununla belə, son illər rəqəmsal kredit xidmətlərinin inkişafı və maliyyə məhsullarına çıxışın asanlaşması nəticəsində nəsillər arasındakı fərqlər tədricən azalır. Əsas fərq ondan ibarətdir ki, yaşlı nəsillər kredit qərarlarında daha konservativ davranır, gənc nəsillər isə rahatlıq və sürəti daha çox nəzərə alırlar.
- Yığım və qənaət vərdişləri nəsillər üzrə necə dəyişir?
- Yığım və qənaət vərdişləri nəsillər üzrə həm prioritetlərə, həm də maliyyəyə yanaşmaya görə fərqlənir. Yaşlı nəsillər adətən gəlirlərinin bir hissəsini ehtiyat məqsədilə saxlamağa və maliyyə təhlükəsizliyini təmin etməyə daha çox önəm verirlər. Onlar qənaəti maliyyə sabitliyinin əsas elementi kimi qiymətləndirirlər.
Gənc nəsillər də yığım etməyə çalışsalar da, onların xərcləmə prioritetləri daha müxtəlifdir. Təhsil, özünüinkişaf, texnologiya və yeni təcrübələr üçün vəsait ayırmaq istəyinin yüksək olması yığım imkanlarına təsir göstərə bilir. Eyni zamanda, onlar ənənəvi əmanətlə yanaşı, vəsaitlərini investisiya alətləri vasitəsilə artırmağa daha çox maraq göstərirlər.
Ümumilikdə, yaşlı nəsillərdə yığımın əsas məqsədi maliyyə ehtiyatı yaratmaqdırsa, gənc nəsillərdə məqsəd həm qənaət etmək, həm də vəsaitin gəlirliliyini artırmaqdır.
Müəllif – Pərvanə Qafarova