Tbilisidəki konfransda regionda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar müzakirə olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə keçirilən “Rəqəmsal dövrdə etimadın qurulması” mövzusunda İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) növbəti Konfransında və Yüksək Səviyyəli Görüşdə iştirak edib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, konfransa ICPEN-ə üzv ölkələrin istehlakçı hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aidiyyəti qurumlarının rəhbər və yüksəksəviyyəli nümayəndələri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.
Tədbirin əsas məqsədi rəqəmsal dövrdə istehlakçı hüquqlarının müdafiəsi sahəsində aktual çağırışlar barədə fikir və təcrübə mübadiləsinin aparılması, qabaqcıl yanaşmaların öyrənilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Agentliyin sədri Elnur Bağırov konfrans çərçivəsində keçirilən “Şərqi Avropa və Cənubi Qafqazda istehlakçı hüquqlarının müdafiəsi” adlı panel sessiyasında çıxış edib. Çıxış zamanı regionda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar, milli təcrübə və prioritet istiqamətlər barədə məlumat verilib, regional əməkdaşlığın inkişaf etdirilməsi imkanları diqqətə çatdırılıb.
Daha sonra agentliyin sədri ICPEN-ə üzv qurumların rəhbər və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Yüksək Səviyyəli Görüşdə iştirak edib. Görüşdə istehlakçı hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və transsərhəd əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi və qabaqcıl təcrübələrin tətbiqi imkanları müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin üzvüdür. Ölkəmiz təşkilatda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmsil olunur. Azərbaycan Respublikası, həmçinin ICPEN-in 2026-2027-ci illər üzrə Məsləhət Qrupuna üzv seçilib.