Qafqaz Albaniyasının mədəni irsi - tədqiqat
Bakı, 21 sentyabr, AZƏRTAC
Qədim Albaniya dövləti və ya Qafqaz Albaniyasına Azərbaycan, indiki Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan daxil olsa da, görkəmli qafqazşünas tarixçi Yevgeni Iqnatyeviç Krupnovun dediyi kimi: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Qafqaz Albaniyasının tarixi Azərbaycanda dövlətçilik ənənələrinə, tariximizin antik dövrünə işıq salır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova söyləyib. O qeyd edib ki, Qafqaz Albaniyasının tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Antik dövrün bir hissəsi və erkən orta əsrləri əhatə edən Albaniya dövrü tariximizdə çox mühüm və ziddiyyətli bir mərhələdir. Çünki zaman-zaman ermənilər Azərbaycanın tarixini, onun maddi – mədəniyyət abidələrini mənimsəyiblər, erməniləşdiriblər, saxtalaşdırıb öz adlarına çıxarmağa çalışıblar. Bu saxtalaşdırma xüsusilə xristianlıq dövrü abidələrində daha çox özünü göstərir. Ermənilər nəinki alban xristian abidələrini məhv ediblər, eyni zamanda, albanlara məxsus olan yazılı abidələri qrabarcaya tərcümə ediblər.
Tarixçi-alim bildirib ki, erməni kilsə xadimlərinin qrabarcaya çevirdikləri alban əlyazmaları arasında M.Kalankatuklunun “Alban tarixi” əsəri xüsusi yer tutur. Kitabın orijinalı alban dilindədir. Təəssüf ki, alban əlifbası zaman-zaman məhv edildiyi üçün bu haqda mənbələrdən məlumat əldə etmək çətindir. Kitaba ermənilər özlərinin Cənubi Qafqazda aborigen olduqlarını əlavə ediblər. 705-ci ildə Albaniya dövlətinin süqutu alban kilsəsinin vəziyyətini məhdudlaşdırdı. Alban kilsəsinə aid olan bütün xristian mənbələri, yazılı abidələr, maddi-mədəniyyət nümunələri erməni kilsəsinin nəzarətinə keçdi və erməni-qriqoryan kilsəsi geniş təzyiqlərə başladı. XIX əsrdə Şimali Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra I Nikolayın 1836-cı il 11 mart fərmanına əsasən Alban kilsəsi erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verilərək fəaliyyəti tam dayandırılıb. 1836-cı ildən başlayaraq erməni kilsəsi alban mədəni irsinə yiyələnmək məqsədilə alban ədəbiyyatını erməni dilinə çevirib və onu erməni dilinə uyğun formada redaktə edib.
Nəhayət, Vətən müharibəsindəki Qələbəmizin və dövlət suverenliyinin əldə olunması ilə erməni – qriqoryan kilsəsinin Azərbaycan xalqına, onun tarixinə və mədəniyyətinə qarşı dini–siyasi fəaliyyətinin böyük bir mərhələsinə son qoyulub. Tarixi Albaniya dövlətinin ərazisində olan abidələrimiz, kilsələrimiz, mədəniyyət ocaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü sayəsində xalqımıza qaytarılıb.
Müxbir - Xatirə Cəfərova