Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan ədəbiyyatı tarixində təsəvvüf xüsusi ədəbi-estetik ənənə yaratmış istiqamətlərdən biridir. Orta əsrlərdə Azərbaycan ədəbi mühitində təsəvvüfi düşüncənin yayılması nəticəsində insanın mənəvi dünyası, ilahi eşq, mürşid-mürid münasibəti, mənəvi yol və kamillik kimi mövzular həm nəsr, həm də poeziyanın əsas mövzularına çevrilmişdi. Bu ədəbi ənənənin formalaşmasında müxtəlif sufi məktəbləri ilə yanaşı, XV əsrin böyük mütəfəkkiri və Xəlvəti şeyxi Seyid Yəhya Bakuvi xüsusi mövqeyə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, dosent Könül Hacıyeva deyib.
Dosent qeyd edib ki, Bakuvi təsəvvüf yoluna Şirvanın məşhur sufi şeyxlərindən olan Pirzadə Əl-Bakuvi vasitəsilə daxil olmuş və Xəlvətilik ənənəsinin əsas prinsiplərini mənimsəmişdi. Bu mənada Seyid Yəhya Şirvani – mənbələrdə Seyid Yəhya Bakuvi adı ilə tanınan sufi – Xəlvətilik təriqətinin ikinci piri, “Piri-sani” hesab olunur. O, ömrünün mühüm hissəsini Bakıda keçirib, burada irşad fəaliyyəti göstərib və çoxsaylı mürid yetişdirib. Onu da qeyd etmək lazımdır ki, XV əsrdə, Şirvanşahlar sarayında Bakuvi ilə eyni dövrdə şair Bədr Şirvani və başqa şairlər də fəaliyyət göstərirdi ki, bu da dövrün hökmdarları Şirvanşah İbrahimin, Şirvanşah I Xəlilullahın elmə, irfana, ədəbiyyata verdiyi dəyərin göstəricisi idi.
“Sarayda vaxtaşırı şeir-irfan məclisləri qurulur, başqa yerlərdən gələn şairlərlə fikir mübadilələri, şeir deyişmələri keçirilirdi. Bakuvi məhz belə bir mühitdə öz irfani görüşlərini qələmə alıb, ədəbi sima və mütəfəkkir kimi tanınmışdı. Onun əsərləri Xəlvətilik ənənəsinin Azərbaycan ədəbi-mədəni mühitində möhkəmlənməsinə və sonralar müxtəlif coğrafiyalarda yayılmasına xidmət edib. Tədqiqatlarda onun türk, fars və ərəb dillərində əsərlər yazdığı, fars dilində isə şeirlər yaratdığı göstərilir. Bu çoxdillilik XV əsr Azərbaycan ədəbi mühitinin mühüm xüsusiyyətlərindən biri idi. Bakuvinin əsərləri sırasında “Şifau’l-Əsrar”, “Virdü’s-Səttar”, “Mənazilü’l-Aşiqin”, “Ətvarü’l-Qəlb”, “Kəşfü’l-Qülub”, “Bəyanü’l-İlm”, “Məkarimü’l-Əxlaq”, “Rümuzü’l-İşarat”, “Əsrarü’l-Vüdu və’s-Səlat”, “Qissəyi-Mənsur”, “Gəzəliyyat” və “əl-İxtiyarat” kimi əsərlər xüsusi yer tutur. Lakin Azərbaycan təsəvvüf ədəbiyyatı baxımından ən mühüm mətn, şübhəsiz ki, “Şifau’l-Əsrar”dır. Əsərin türk dilində yazılması onu Azərbaycan ədəbi dili və təsəvvüf ədəbiyyatı tarixinin qiymətli abidəsinə çevirir. “Şifau’l-Əsrar”da təsəvvüf yolunun müxtəlif mərhələləri sistemləşdirilir. Əsərin ədəbi xüsusiyyəti isə bundan ibarətdir ki, müəllif mürəkkəb sufi anlayışlarını yalnız terminlərlə izah etmir, onları obrazlı və bədii ifadələrlə təqdim edir”, - deyə o əlavə edib.
Könül Hacıyeva qeyd edib ki, Bakuvi “Şifau’l-Əsrar”da eşq və “Məcnun” obrazını birləşdirir: “Eşq şərabdır. Məcnunlar onu məhəbbət qədəhi ilə içirlər...”. “Şərab”, “qədəh”, “Məcnun” və “eşq” kimi obrazlar vaxtilə Xaqani, Nizami əsərlərinin, eləcə də sonrakı klassik Azərbaycan poeziyasının, xüsusilə sufi poetikasının mühüm simvollarına çevrilmişdi. Bu baxımdan “Şifau’l-Əsrar” yalnız təsəvvüfi nəsr nümunəsi deyil, həm də Azərbaycan sufi ədəbiyyatının poetik obrazlar sisteminin öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. “Şifau’l-Əsrar”ın Azərbaycan türkcəsində yazılması Azərbaycan ədəbi dilinin tarixi baxımından da əhəmiyyətlidir. Əsərdə təsəvvüf terminləri, sufi yolunun mərhələləri və irfani anlayışlar Azərbaycan türkcəsinin imkanları ilə ifadə edilir. Sonrakı Azərbaycan poeziyasında isə həmin termin və obrazlar daha mürəkkəb poetik sistemə daxil olur”.
Müxbir – Fidan Əlizadə