Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsert
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı bəstəkarların kamera-instrumental və vokal yaradıcılığına həsr olunmuş konsert keçirilib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konsert barədə məlumat verib.
Konsert proqramında tanınmış əsərlərlə yanaşı, ilk dəfə təqdim olunan bəstələr yer alıb.
Proqramda Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Rəna Qədimovanın, Məmməd Cəfərovun, Elnarə Dadaşovanın, Mehriban Əhmədovanın, Firəngiz Babayevanın, İlham Azmanlının və Məmmədəli Umudovun əsərləri səsləndirilib. Piano, kamança, saz, tar, violonçel üçün əsərlərlə yanaşı, vokal əsərlər də təqdim olunub. Rəna Qədimovanın “Həsrət” əsəri, Məmməd Cəfərovun və Mehriban Əhmədovanın romansları, eləcə də Firəngiz Babayevanın “Sonatina” əsəri ilk dəfə ifa edilib.
Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bəstəkarlar İttifaqında növbəti tədbir sentyabrın 23-də reallaşacaq.