Antiterror əməliyyatlarının iştirakçısı: Xankəndiyə daxil olanda özümüzdə böyük rahatlıq hiss etdik
Bakı, 21 sentyabr, AZƏRTAC
2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatları Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək bacarığını nümayiş etdirdi. Əməliyyatın iştirakçıları üçün isə bu, illərlə işğal altında olan torpaqların düşməndən azad edilməsinin, Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Azərbaycanın nəzarətinə qaytarılmasının yaratdığı qürur və tarixi məsuliyyət hissi ilə yadda qaldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında antiterror əməliyyatlarının iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı-radiotelefonçusu olmuş, Prezidentin Sərəncamı ilə “Şücaətə görə” medalı ilə təltif edilən Aqşin Yahyayev səsləndirib.
O, 2001-ci il fevralın 22-də Qəbələ rayonunda anadan olduğunu, həqiqi hərbi xidməti Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində kəşfiyyatçı-radiotelefonçu vəzifəsində keçdiyini deyib.
"Antiterror əməliyyatına gedərkən döyüşçülərin əhvali-ruhiyyəsi yüksək idi. Döyüşdən bir gün əvvəl tuneldə yerləşdik. Bir gün orada qaldıqdan sonra gecə saatlarında hərəkət etdik. Hamımız birlikdə namaz qılıb, dua etdik, sonra silahlarımızı götürərək Şuşa istiqamətindən Xankəndiyə doğru yola çıxdıq. Komandirimiz, mayor Amil Mustafayev əsgər və zabit heyətinə çox böyük qayğı göstərirdi. Bizi öz balası kimi qoruyurdu. Bu, döyüş şəraitində hər birimiz üçün böyük mənəvi dayaq idi. Əməliyyat zamanı bir neçə uğurlu döyüş tapşırığı yerinə yetirildi, düşmənin postları ələ keçirildi”, - deyə o vurğulayıb
Aqşin Yahyayev Xankəndiyə daxil olduqları anı həyatının ən yaddaqalan hadisələrindən biri kimi xatırlayır. Onun sözlərinə görə, həmin an onda böyük qürur hissi yaradıb: “Xankəndiyə daxil olanda özümüzdə böyük rahatlıq hiss etdik. Çünki Azərbaycanın işğal altında olan torpaqlarını azad etmişdik. Bu, bizə böyük qürur yaşadırdı”.
O vurğulayıb ki, Xankəndiyə daxil olmaq və həmin ərazinin yenidən Azərbaycanın nəzarətinə keçməsində iştirak etmək onun üçün ömür boyu fəxr edəcəyi hadisədir. “Fəxr edirəm ki, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində belə bir tarixi hadisənin iştirakçısı olmuşam və adımı Azərbaycanın yeni tarixinin bu səhifəsinə yaza bilmişəm”, – deyə Aqşin Yahyayev diqqətə çatdırıb.