Sentyabrın 22-si Ümumdünya Filləri Müdafiə Günüdür
Bakı, 22 sentyabr, AZƏRTAC
Hər il sentyabrın 22-si dünyada fillərin qorunmasına diqqət çəkmək məqsədilə Ümumdünya Filləri Müdafiə Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün dünyanın ən iri quru məməlilərindən olan fillərin üzləşdiyi təhlükələr barədə ictimaiyyətin məlumatlandırılmasına və onların mühafizəsinin vacibliyinə diqqət çəkir. Eyni zamanda, bu gün münasibətilə keçirilən maarifləndirici tədbirlər insanların fillərin təbiətdəki əhəmiyyəti barədə məlumatlandırılmasına, vəhşi təbiətə qarşı məsuliyyətli münasibətin formalaşdırılmasına və nəsli təhlükə altında olan canlıların qorunmasına ictimai dəstəyin artırılmasına xidmət edir.
Fillər təbiətin tarazlığının qorunmasında mühüm rol oynayırlar. Onlar yaşadıqları ərazilərdə bitkilərin toxumlarının yayılmasına, meşə və savanna ekosistemlərinin formalaşmasına və biomüxtəlifliyin qorunmasına töhfə verirlər. Buna görə də fillərin sayının azalması təkcə bu heyvanların deyil, bütövlükdə ekosistemlərin gələcəyi üçün ciddi təhlükə yaradır.
Hazırda fillərin qarşılaşdığı əsas problemlər sırasında qanunsuz ovçuluq, fil sümüyü ticarəti, yaşayış mühitlərinin daralması və insan–fil münaqişələri xüsusi yer tutur. Təbii ərazilərin kənd təsərrüfatı və digər fəaliyyətlər üçün mənimsənilməsi nəticəsində fillərin yaşayış arealları parçalanır, onların qida və su mənbələrinə çıxışı çətinləşir.
Mütəxəssislər fillərin qorunması üçün qanunsuz ovçuluğa qarşı mübarizənin gücləndirilməsini, təbii yaşayış ərazilərinin mühafizəsini və yerli icmaların dəstəklənməsini vacib hesab edirlər.
Müxbir - Günel Türksoy