Tatyana Srebnaya: Su idmanı xarakter və komanda ruhu tələb edir
Bakı, 28 may, AZƏRTAC
Azərbaycanda yelkənli qayıq və digər su idman növlərinə maraq artır, müasir infrastruktur inkişaf edir və reqatalar getdikcə hər yaşdan olan həvəskarları cəlb edir.
Bu barədə AZƏRTAC-ın müxbirinə Azərbaycanın ilk qadın yaxta kapitanı, beynəlxalq reqataların dəfələrlə iştirakçısı və hazırda məşqçi olan Tatyana Srebnaya bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda su idman növləri fəal şəkildə inkişaf edir: “Üzgüçülük hovuzları, avarçəkmə mərkəzləri və yaxta klubları tikilib. Bu gün biz möhtəşəm “Sea Breeze Marina” yaxta klubundayıq. Həm motorlu qayıqlar, həm də yelkənli qayıqlar burada lövbər sala bilər”.
O, vurğulayıb ki, bu gün 8-16 yaşlı uşaqlar üçün yelkənli qayıq məktəbinin, eləcə də dalğıc mərkəzinin, sörfnqi mərkəzinin və kayak mərkəzinin açılışı olub. Su idman növləri üçün bu yeni imkanlar təkcə uşaqlar üçün deyil, həm də böyüklər üçün əlçatan olacaq.
“Yelkənli qayıqla səyahət etməkdən həyatınız boyu və istənilən yaşda həzz almaq olar. Peşəkar yaxtaçı olmaq məcburiyyətində deyilsiniz; bu, sadəcə sevimli hobbi də ola bilər”, - deyə məşqçi bildirib.
Hazırda getdikcə daha çox insan adrenalin və atmosfer üçün yelkənli qayıq idmanına cəlb olunur.
“Biz reqataları yalnız peşəkarlar üçün deyil, həm də həvəskarlar üçün keçiririk. İnsanlar dənizə çıxır, küləyi, dalğaların sıçramasını, adrenalin axınını hiss edirlər. Yarış zamanı bütün ofis və gündəlik qayğılar yox olur. Suda qayıq və heyətlə bir olmaq, vahid orqanizm kimi işləmək vacibdir. Reqata iştirakçıları sahilə yorğun, lakin xoşbəxt qayıdırlar”, - deyə peşəkar yaxtaçı vurğulayıb.
Qeyd etmək lazımdır ki, uşaqlıqdan yelkənli qayıqla məşğul olan T. Srebnaya Xəzər, Qara və Baltik hövzələrində bir çox milli və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edib. Bu gün o, gənc idmançıların yetişdirilməsi və ölkədə yelkənli qayıq idmanının inkişafı ilə məşğul olur.