CƏMİYYƏT
Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə gənc prokurorluq əməkdaşlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.
Baş Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, ziyarətin əsas məqsədi Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev irsinin gənc əməkdaşlar tərəfindən dərindən öyrənilməsi və mənimsənilməsi, habelə xalqımızın milli-mədəni və mənəvi dəyərlərinin qorunub saxlanılmasına, onların təbliğinə, gənclərlə iş birliyinə, təhsilin və səhiyyənin inkişafına böyük töhfələr verən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub.
Ekskursiyanın iştirakçılarına Ümummilli Liderin həyat yolu barədə maraqlı faktlar, foto və videomateriallar təqdim olunub, həmçinin Azərbaycan mədəniyyəti və tarixinin dünyada daha geniş tanıdılmasında əvəzsiz xidmətləri olan Mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə məlumat verilib.
Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına böyük imkanlar açan Heydər Əliyev Mərkəzindən ziyarətçilər zəngin təəssüratlarla ayrılıb.